15 sentyabr yeni tədris ilinin başlanması - Bilik günü respublikamızın bütün bölgələrində olduğu kimi cəbhə bölgəsində yerləşən Füzuli rayonunda da qeyd olunub. Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev 15 sentyabr - bilik günü münasibəti ilə Horadiz şəhərində 3 nömrəli tam orta məktəbdə olub, məktəbin müəllim, şagird kollektivi və valideynlərlə görüşüb.
Alı Alıyev məktəbin müəllim və şagirdlərini 15 sentyabr yeni tədris ilinin başlanması- bilik günü münasibəti ilə təbrik edib. İcra başçısı deyib ki, hər bir xalqın varlığı onun məktəbinin necəliyi, müəlliminin kimliyi ilə müəyyən edilir. O xalq xoşbəxtdir ki, onun yaxşı məktəbləri, müdrik müəllimləri var. Füzulililər də xoşbəxtdirlər ki, onların yaxşı məktəbləri, yaxşı müəllimləri var.
Alı Alıyev deyib ki, dövlət tərəfindən təhsilə göstərilə diqqət və qayğının nəticəsidir ki, rayonun şagirdləri ildən-ilə ali məktəblərə keçirilən qəbul imtahanlarda yüksək nəticələr əldə edirlər.
“Rayonunun orta ümumtəhsil məktəblərini bitirən məzunlardan 375 nəfəri ali məktəblərə, 120 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olunmuşdur. Ali məktəblərə qəbul olunan məzunlardan 14 nəfəri 600–700, 25 nəfəri 500–600, 68 nəfəri 400–500, 123 nəfəri 300–400 arası bal toplayaraq tələbə adını qazanıb”-deyə Alı Alıyev vurğulayıb.
Alı Alıyev birinci sinifə qədəm qoyan şagirdlərə uğurlar arzulayıb, onlara elmə, biliyə daha dərindən yiyələnməyi tövsiyə edib.
Müəllimlər və valideynlər göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Rayonun ümumtəhsil məktəblərində ilk dərs “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunub.