Sentyabrın 14-də Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda (ETMGİ) konsilium keçirilib. Orada aparıcı mütəxəssislər 26 həftəlik hamilə olan 12 yaşlı qızın vəziyyətini müzakirə edərək, hamiləliyi izləməyə qərar veriblər. Əgər hamiləlik dövründə ananın vəziyyəti kəskinləşsə, onda qeysəriyyə yolu ilə uşağı götürəcəklər.
Azərbaycan Səhiyyə Nazirliyinin baş ginekoloqu Sevinc Məmmədova Sputnik-ə bildirib ki, həkimlər uşaq-ananın həyatını təhlükə altında qoymaq, artıq tamamilə formalaşmış, 850-900 qram çəkisi olan dölü məhv etmək istəmirlər.
Amma bu məqamda 12 yaşlı qızın uşaq dünyaya gətirəcəyindən sonra psixoloji durumu, gələcək həyatı sual altına düşür.
Modern.az-a daxil olan məlumata görə, 12 yaşlı ananın hamliləyinin sonlandırılmamasının əsas səbəbi onun sağlamlığı ilə bağlı olub:
“İlk hamiləlik zamanı abort etdirilməsi həm ananın həyatını təhlükəyə atır, həm də onun sonrakı taleyinə zərbədir. Çünki abort zamanı hansı fəsadın ortaya çıxacağı məlum deyil. Ani fəsad zamanı ana uşaqlığını itirə bilər. Bu isə onun gələcək həyatını tamamilə alt-üst edər. Bundan sonra o, ana olmaq şansını itirə bilər. Ona görə də həkimlər belə bir qərar verib. Bütün hallarda ilkin olaraq ananın sağlamlığı əsas götürülüb”.
Respublikanın baş pediatrı Nəsib Quliyev hamilənin azyaşlı olmasını əsas gətirərək, məsələ ilə bağlı danışmaq istəməyib:
“Hamiləlik ginekologiya ilə bağlı məsələdir. Mənim hər hansı fikir bildirməm doğru deyil”.
Qeyd edək ki, 2017-ci ilin avqustunda Azərbaycanın Balakən rayonunda azyaşlı qızın zorlanması ilə bağlı cinayət işi açılıb. Bununla bağlı Elçin Ş. adlı şəxs saxlanılıb. Məlum olub ki, yayda 12 yaşlı uşaq özündə qəribə dəyişikliklər hiss edib. Yoxlanmadan sonra məlum olub ki, qız 22-23 həftəlik hamilədir. Acı həqiqəti bilən anası hamiləliyin pozulması üçün həkimlərə müraciət edib. Həkimlər isə bu vəziyyətdə məsuliyyəti boyunların götürə bilməyəcəklərini deyərək, anaya hüquq-mühafizə orqanlarına müraciət etməyi tövsiyə ediblər.