Modern.az

Ramil Usubov Türkiyənin ordu generalı ilə kadr hazırlığından danışıb

Ramil Usubov Türkiyənin ordu generalı ilə kadr hazırlığından danışıb

31 May 2011, 18:39

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov mayın 31-də ölkəmizdə səfərdə olan Türkiyə Quru Qoşunlarının Təlim və Doktrina Komandanı, ordu generalı Saldıray Berkin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

DİN mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, daxili işlər naziri son illər iki qardaş ölkənin Silahlı Qüvvələri, daxili işlər orqanları, həmçinin Türkiyə Jandarm Komandanlığı ilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunları arasında əlaqələrin daha da inkişaf edərək yeni məzmun kəsb etdiyini, əməkdaşlığın geniş yayılmış formalarından səmərəli istifadə edildiyini, bu istiqamətdə kadr hazırlığına böyük önəm verildiyini qeyd edib.

Ramil Usubov Türkiyə Quru Qoşunlarının Təlim və Doktrina Komandanının respublikamıza səfərinin müsbət nəticələr verəcəyinə, iki qardaş ölkənin müvafiq qurumlarının potensial imkanlarından gələcəkdə də səmərəli istifadə olunacağına əminliyini ifadə edib.

Ordu generalı Saldıray Berk son illər ərzində Azərbaycanın sürətli inkişafından, bunun nəticəsində xüsusən Bakının tanınmaz dərəcədə dəyişərək gözəlləşməsindən məmnun olduğunu bildirib. O, Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını, Silahlı Qüvvələrin inkişafı üçün bundan sonra da əllərindən gələni əsirgəməyəcəklərini, səmərəli əməkdaşlığın dövlətlərimizin maraq və mənafelərinə daha uğurla xidmət edəcəyini bildirib. 

Dostluq və səmimilik şəraitində keçən görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular