Tərtər rayonunun cəbhəyanı kəndlərinə işğal altındakı ərazilərdən çəyirtkələr hücum edib. Qoşunların təmas xəttinə yaxın yerləşən ərazilərdə çoxluq təşkil edən çəyirtkələr otlaq sahələrinə daraşıblar. Kəndlilər əzab-əziyətlə əkib-becərdiyi təsərrüfatlarının məhv olmasından qorxurlar. Sakinlərinin sözlərinə görə, əgər cəyirtkələr pambıq və yonca sahələrinə üz tutsalar, məhsul bir necə gündə məhv olacaq.
“Mərakeş çəyirtkəsi” adlanan bu ziyanvericilər bir necə gündür ki, cəbhə kəndlərində yayılıblar. Otlaq sahələrində ziyanvericilərə qarşı dərmanlama işi aparılsa da, cəyirtkələrin qarşısını tam almaq mümkün olmayıb.
Modern.az-ın məlumatına görə, hazırda çəyirtklərələ mübarizə aparılır. Tərtər rayon Bitki Mühafizəsi İdarəsi texnikalar vasitəsi ilə bu günə qədər 380 hektar sahədə dərmanla işi aparıb.
Mütəxəsislərin sözlərinə görə, sürətlə çoxalan bu zərərvericilər yaşıl bitki növləri ilə yanaşı, peyin və digər müxtəlif tullantılarla qidalana bilirlər. Səhər tezdən oyanan zərərvericilər, günəş şüalarına doğru hərəkət edirlər, orta hesabla günün birinci yarısında 3 km uzunluğunda yaşıllıq örtüyünü məhv edə bilirlər. Çəyirtkələr günün ikinci yarısında sabaha hazırlıq məqsədilə 1 km geri qayıdırlar. Onların artım dövrlərinin ən aktiv vaxtı iyun-iyul aylarıdır. Belə ki, bir çəyirtkə cütlüyü iki ay ərzində onlarla çəyitkə ailəsinin yaranmasına səbəb ola bilir.
Xaliq Qurbanov
Tərtər