İsrailin Hayfa şəhərində “ELM, TEXNOLOGİYA VƏ İNNOVASİYA: Qadın və Qızlar üçün Təhsil və Treyninq” Qadın Liderlərin Beynəlxalq Konfransında iştirak edən millət vəkili, Azərbaycanın AŞPA-nın gender bərabərliyi komitəsinin üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayeva konfrans çərçivəsində Gürcüstan parlamentinin vitse-spikeri Rusudan Kervalişvili, Kamerunun Qadın və Ailələrin müdafiəsi naziri Abena Ondoa Nee Mari Terez, Efiopiyanın Ailə, Uşaq və Gənclər məsələləri naziri Zenebu Tadesse, Bolqarıstan parlamentinin deputatı Meqlena Pluqtsçieva-Aleksandrova ilə görüşüb.
Millət vəkili onlara Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı məlumatlar verib. Qənirə Paşayeva 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarında qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 15 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verib.
Millət vəkili Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi zaman minlərlə azərbaycanlını qətlə yetirməsi, soyqırım törətməsi, minlərlə azərbaycanlını əsir və girov götürərək onlara qarşı amansız işgəncələr həyata keçirməsi, bu gün də onlarla azərbaycanlının Ermənistanda əsir və girov saxlanılması barədə məlumatlar verib. Ermənistanın bu gün də işğal etdiyi Azərbaycan torpaqlarında qurduqları hərbi mövqelərindən atəşkəs rejimini pozaraq sivil insanları, qadınları, uşaqları snayperlərlə hədəfə alaraq qətlə yetirməsi kimi vandalizm aktlarını da onların diqqətinə çatdırıb. O, Ermənistan Silahlı Qüvvələrinin 8 mart beynəlxalq qadınlar bayramı günündə Ağdam rayonunun 9 yaşlı sakini, ananın tək övladı olan Fariz Bədəlovun snayperlərlə hədəfə alınaraq qətlə yetirməsi kimi insanlıqdan kənar addımları barədə də ətraflı məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlı qadının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar. Millət vəkili onlara Azərbaycan həqiqətlərinə dair çoxlu sayda materiallar, kitablar və sənədli filmlər də təqdim edib.
Millət vəkili görüş zamanı onları Azərbaycana da dəvət edib. Qeyd edək ki, beynəlxalq konfrans 3 gün davam edəcək.
Modern.az