Modern.az-ın məlumatına görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov deyib ki, 2015-ci ilə qədər məcburi köçkünlərin böyük əksəriyyətinin mənzil-məişət problemi həll ediləcək. G.Fərhadov “Böyük qayıdış” proqramı haqqında söz açarkən deyib ki, sülh müqaviləsi imzalanandan sonra azad edilmiş ərazilərdə ilk növbədə minadan təmizləmə işləri aparılacaq.
“Sonra infrastruktur yaradılacaq, binalar tikiləcək və adamlar qayıdış üçün hazırlanacaqlar. İlk üç il ərzində onların istifadə etdikləri bütün imtiyazlar saxlanılacaqdır”.
Komitə sədrinin müavinin sözlərinə görə, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”, 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli Sərəncamı ilə həmin Dövlət Proqramına edilmiş Əlavələr, “Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2011-ci il 21 fevral tarixli Sərəncam icra olunur.
Ölkənin ayrı-ayrı şəhər və rayonlarında qaçqın və məcburi köçkün ailələri üçün 67 yeni qəsəbə salınıb, 100 min nəfərdən çox soydaşımız yeni evlərə köçürülüb, 130 təhsil, 50-yə yaxın səhiyyə, onlarla rabitə və mədəniyyət ocaqları tikilib istifadəyə verilib, müvafiq infrastruktur yaradılıb. Hazırda məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir, yeni binalar tikilir, məhəllələr salınır.
Modern.az