Modern.az

Bəli, gəlin yazmayaq

Bəli, gəlin yazmayaq

1 İyun 2011, 14:07

Bəli, gəlin yazmayaq! Gəlin, sakitcə bir küncə, bir kənara çəkilib bir zamanlar badəsini divara çırpan zahid kimi susaq və sadəcə düşünək! Yox, düşünmək azdır, nəyi düşünəcəyik? Düşünək, razıyam, amma əvvəcə gəlin nəyi düşünəcəyimizi bir özümüz üçün dəqiqləşdirək. Düşünəcəklərimizi özümüz üçün dəqiqləşdirdikdən sonra bir anlıq da olsa ətrafımıza baxaq! Ətrafımız deyəndə fərq etməz, yaxın olsun, ya uzaq! Onların gəldikləri yola nəzər salıb, onları fərd – fərd incələməyə çalışaq! Qaliblərin necə qalib olduqlarını, bu yolda hansı məhrumiyyətlərə qatlandıqlarını,  hansı əzablara dözdüklərini, məğlubların isə hansı səbəb(lərdən) məğlubiyyətə düçar olduqlarını araşdıraq.

Bəli, gəlin yazmayaq! Birmənalı şəkildə qələmdən, kağızdan, bilgisayardan və “yazmaq” sözünü bizlərə xatırlada biləcək hər şeydən uzaqlaşaraq, vaxtımızı təkcə oxumağa ayıraq. O zaman görərik ki, biz miflərin yaradılışı üzrə ekspert yaratmaqla məşğul olmuşuq indiyə kimi. Və indən sonra dayanaq, özümüzə bircə anlıq belə olsun “dur” deyək, mif yaratmaq üzrə mütəxəssis olmaqdan əl çəkək və deməyək ki, məsələn filankəs əvəzolunmazdır. Həzrəti İsanı inkar edən Avropa özünüinkar modeli ilə yeni bir dövrə qədəm qoydu. Onu öldürdü, yeni dəyərlər yaratmağı qarşısına məqsəd kimi qoyarkən onu yox saydı. Yox sayarkən yeni düşüncə məktəblərinin yaranması naminə hər zaman bir qapını açıq qoydu. Açıq qoyulan qapı Avropanın yenidən şəkillənməsinə öz töfhəsini verdi. Dindar xristianlar belə teist düşüncənin inkişafı naminə durmadan səy göstərdilər və bu səyin səbəbinin özü olduqca açıq idi: yenidən formalaşdırılan Qərb düşüncə məktəblərində teist düşüncə özünə yer axtarmaqda idi. Onlar bunu edərkən bizim “dejurni mollalarımız” hələ də cadu yazmaq, kitab ağzı açmaq kimi şeytan əməlləri ilə məşğul idilər. Çünki çağı yaxalamaq hələ onlara nəsib olmamışdı. Çünki əhatə dairəsindən kənarda buraxılmışdılar. Çünki dəvəquşu idilər, dünyada nələrin baş verdiyindən xəbərləri belə yox idi. Görmürdülər ki, dünya artıq mədrəsədə keçirilən dəruni elmlərdə ilişib qalmayıb. Dünya artıq mədrəsə modelini özününkü eləyib və sən artıq istəsən də, istəməsən də sənin modelin onların əlindədir. Mədrəsə sisteminin, oxu kültürümüzün əlimizdən birdəfəlik çıxmasından sonra biz oxumağa “əlvida” – dedik. Biz yazmağa girişdik. Indi isə gəlin yazmayaq!

Bəli, indi isə gəlin yazmayaq! Əlimizin altında böyük bir virtual dünya var, bu virtual dünyada isə araşdırsaq inanın ki, biz istədiyimiz qədər maraqlı mənbəə və mətnlər tapa bilərik. Həmin mətnləri oxumadan bizim nəsə yazmağımızın və ya yazdığımızı iddia etməyimizin elə də ciddi bir önəmi olmayacaq! Yenə də gənclərimiz kitab oxumaq yerinə Polad Ələmdarvari uzun paltolarını əyinlərinə geyinib mafia – kulblarında, çay evlərində vaxt öldürəcək, yenə də qadınlarımız ucuz sabun köpüyü serallarla Braziliyadakı azad sevginin dəniz kənarındakı ehtiraslı qəhəvərəngli havasına uyub xoşhallanacaq, və yenə də kişilərimiz masalarda sağlıq deyərkən Qarabağ gəlib qəflətən onların gözlərinin qabağında dayanacaq və onlar Qarabağı unutmaq üçün içalatlarını yandıran araqdan vurub qoyun pendiri, göy – göyərti ilə “zakuska” edəcəklər. Və biz bir də gözümüzü açıb görəcəyik ki, artıq qatar gedib. Bizə isə yalnız və yalnız gedən qatarın arxasınca baxmaq alacaq. Gedən qatarın arxasınca baxmaq isə şübhəsiz ki, yenilgini qəbul etməyin ən bariz göstəricisidir.

Ona görə də sizdən ricam, xahişim və tələbim, gəlin bir müddət yazmayaq! Oxuyub ən azından dünyanı dərk edənə kimi!                 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI