Modern.az

Bakıda Koreya mədəniyyət festivalı keçirilib - FOTOLAR

Bakıda Koreya mədəniyyət festivalı keçirilib - FOTOLAR

18 Sentyabr 2017, 17:20

Səfir Kim Çanq-gyu: “Azərbaycan muğamıyla Koreya qayaqqım alətində ifanın birlikdə səslənməsi xalqlarımızın ortaq mədəni köklərini tapmaqda kömək edəcək” 

 

Sentyabrın 17-də Bakıda Heydər Əliyev sarayında Cənubi Koreya və Azərbaycan arasında diiplomatik əlaqələrin qurulmasının 25 illik yubileyinə həsr olunmuş mədəniyyət tədbiri keçirilib.

 

25 illik dostluğa həsr olunmuş “ARİRANQ” Azərbaycanın qəlbini coşdur!” adlı şöləndə Koreya musiqi ifası və rəqsi, müxtəlif dövr və janrları əhatə edən proqram nümayiş etdirilib. Koreya milli geyimlərindən ibarət moda nümayişi, taekvondo nümayişi, milli musiqi, milli rəqs, ritm alətlərində ifa və s. tamaşaçıların zövqünü oxşayıb.

 

Moda nümayişində Koreya qədim kral ailəsi və saray zadəganlarının gözəl və dəbdəbəli saray libasları təqdim olunub, eləcə də Koreya seriallarında rast gəldiyimiz müxtəlif dövrlərə məxsus milli geyimlərin olduğu səhnələr canlandırılıb. Tədbir aparıcılarının məlumatına görə, moda nümayişi Koreyanın ən yaxşı Hanbok dizaynerləri və milli saç düzümü ustalarının əl işlərindən ibarətdir.

 

Koreyanın bütün dünyaya yayılmış milli döyüş sənəti olan taekvondo nümayişini isə taekvondonun ən ali qurumu olan Dünya Taekvondo Akademiyasının qızlardan və oğlanlardan ibarət taekvondo ustaları göstəriblər. Onlar taekvondo hərəkətlərinin qrupla nümayişi, özünümüdafiə, lövhəqırma və digər dinamik və rəngarəng hərəkətlər təqdim ediblər.

 

Koreyalıların özünəməxsus duyğularını ifadə edən “Modumbuk” Kori Dünya Zərb Alətləri qrupunun möhtəşəm və əyləncəli səhnələri tamaşaçıların coşqusu ilə müşayiət olunub.

 

Koreya milli musiqisi, xalq mahnıları, Hannuri rəqs ansamblının ifasında rəqslər də tamaşaçıların böyük marağı ilə qarşılanıb.

 

Tədbirdə Fikrət Əmirov adına Azərbaycan dövlət mahnı və rəqs ansamblı tərəfindən “Azərbaycan suitası” rəqsi də ifa olunub. Bundan başqa, Koreya Milli Musiqi Mərkəzi xalq Orkestri və M.Maqomayev adına Azərbaycan dövlət Akademik Filarmonisyasının xalqa çalğı alətləri orkestrinin milli triosu ölkələrin nümunəvi xalq mahnılarını səsləndirərək hanmoniya səhnəsi sərgiləyiblər.

 

Qeyd edək ki, tədbir zamanı Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyu və xanımı milli geyimdə səhnəyə çıxaraq tamaşaçıları salamlayıblar.

 

Səfir Kim Çanq-gyu çıxış edərək Azərbaycanla Cənubi Koreyanı Altay dil qrupuna mənsub qardaş dövlətlər adlandırıb. “Koreya Respublikası və Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25 illik yubileyi münasibətilə gözəlliklər diyarı Azərbaycanda birgə milli mədəniyyət konsertinin keçirilməsini böyük sevinc hissi ilə qarşılayıram. Bu günkü tədbirdə Koreyanın ən yaxşı incəsənət ustalarından ibarət Milli Mədəniyyət Qrupu və taekvondonun ən ali qrumu olan Dünya Taekvondo Mərkəzinin Nümayiş Qrupunu xüsusi dəvət edərək günümüzün ən gözəl Koreya milli mədəniyyət və incəsənətinin özünü təqdim etməkdən çox məmnunluq duyuram. Həmçinin şadam ki, koreyalıların ruh və adət ənənələrini əks etdirən milli geyim Hanbokdan ibarət olan moda nümayişi də tədbirdə yer alıb. Bu gün Azərbaycanın milli musiqisi muğamla Koreya qayaqqım alətində ifanın birlikdə səslənməsi xalqlarımızın ortaq mədəni köklərini tapmaqda kömək edəcək və eyni Altay dil qrupuna mənsub qardaş dövlətlər olaraq bu möhkəm bağlılığımızı bir daha hiss etməyimizə səbəb olacaqdır”, - deyən səfir Kim Çanq-gyu sonda tədbirdə iştirak edənlərə dərin təşəkkürünü çatdırıb.  

 

 

Aqil ASLAN

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi