Gənclərə ipoteka kreditlərinin veriliş qaydalarının sadələşdirilməsi son zamanların əsas müzakirə mövzularından birinə çevrilib. Əsas təşəbbüskar isə Gənclər və İdman Nazirliyidir. Belə ki, nazirlik gənclərin mənzil şəraitini yaxşılaşdırmaq üçün sosial ipoteka kreditlərinin sıfır faizlə verilməsini irəli sürür. Təklif olunan dəyişiklik "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramına daxil edilib. Gənclər və idman naziri Azad Rəhimovun mətbuata açıqlamasına görə, 88 fəsildən, 144 bənddən ibarət olan proqram hazırdır və son baxış üçün bütün nazirliklərə paylanılıb. İyunun 6-da proqramın təsdiqlənəcəyi gözlənilir.
Xatırladaq ki, hazırda Azərbaycanda dövlət vəsaiti hesabına ipoteka kreditləri illik 8 faiz, sosial ipoteka kreditləri isə 4 faizlə verilir. Rəsmi statistikada 2006-cı ildən bu tərəfə 248,1 mln. manat ipoteka kreditinin verildiyi göstərilməsinə baxmayaraq, nə qədər gənc ailənin mənzilə ehtiyacının olması hələ də dəqiq məlum deyil. Nazirliyin təklif etdiyi dəyişikliklər isə gənc alimləri, Milli qəhrəmanlar və onların ailə üzvlərindən olan gəncləri, beynəlxalq aləmdə yüksək nəticələr qazanan idmançıları, dövlət qulluğunda çalışan gəncləri, qaçqın və məcburi köçkün ailələrindən olan istedadlı gəncləri nəzərdə tutur.
Gənclərə faizsiz ipoteka kreditlərinin verilməsini sosial baxımdan müsbət addım kimi qiymətləndirən iqtisadçı-alim Vüqar Bayramov bununla bərabər şərtlərin təkmilləşdirilməsini də təklif edir: “Faizsiz ipoteka kreditlərinin təklif olunmasına keçid sadəcə elan edilən bir addım olmamalıdır. Bu yöndə komplesk tədbirlər həyata keçirilməlidir.
Hazırda gənclərə təklif edilən ipoteka kreditlərində faiz dərəcəsi əhəmiyyət daşısa, digər problemlərlə müqayisədə o qədər də ciddi problem hesab edilmir.Nəzərə almaq lazımdır ki, ipoteka kreditləri ilə bağlı əsas problem maksimum məbləğin aşağı olmasıdır. Sosial ipoteka kreditləri üçün maksimum məbləğ 35 min manat təşkil edir. Hansıki bu da gənclərin sosial ipoteka kreditlərindən istifadəsini əngəlləyir”.
V.Bayramov hesab edir ki, şərtləri təkmilləşmədən faiz dərəcəsinin sıfıra endirilməsi ciddi dəyişiklikyə gətirib çıxarmayacaq: “Sosial ipoteka kreditlərinin verilməsi prosesində bürokratik əngəllər çoxdur. Bankların əksəriyyətində süründürməçiliyə yol verilir. Həmçinin ipoteka krediti alan gənclərdən 16 sənəd tələb olunur. Bununla da Azərbaycanı dünya ipoteka tarixində gənclərə verilən ipoteka kreditləri üzrə ən çox sənəd tələb edən ölkə hesab etmək olar. Həmin sənədlər arasında elələri var ki, onların tətbiqi kifayət qədər absurd görsənir. Proqrama əlçatanlığı təmin etmək üçün sənədlərin sayı azaldılmalıdır”.
İqtisadçının sözlərinə görə, ipoteka kreditlərinin verilməsi prosesi elektronlaşdırılmalıdır: “Əks halda bir sıra banklarda süründürməçilik, qeyri-rəsmi ödənişlərin tələb edilməsi halları artacaq. İpoteka kreditlərinin indiki verilmə şərtləri ilə bu korrupsiyanın qarşısını almaq mümkün deyil. Qiymətləndirmələrimiz göstərir ki, hazırkı mexanizm dəyişdirilmədən, elektron ipoteka tətbiq edilmədən faizsiz kreditlərin verilməsinə başlanılarsa bu, ipoteka proqramında korrupsiyanın həcmini artıracaq”.
Bir sıra banklarda ipoteka kreditlərinin verilməsi prosesində korrupsiya elementlərinə rast gəlindiyini deyən V. Bayramov bildirir ki, nə İpoteka Fondu, nə də Mərkəzi Bank belə hallara qarşı ciddi mübarizə aparmır: “Korrupsiyanın aradan qaldırılması istiqamətində ciddi mexanizmlər də yoxdur”.
Mütəxəssis qeyd edir ki, faizsiz sosial ipoteka kreditinin təklif olunması kredit almaq üçün müraciətlərin sayını artıracaq: “Belə halda dövlət büdcəsindən bu istiqamətə ayrılan vəsaitlərin həcmini də kəskin artırmağa ehtiyac yaranır. İndiki şəraitdə büdcədən ayrılan vəsait faizsiz ipoteka almaqla bağlı müraciətləri qarşılamaq imkanına malik deyil”.
Modern.az