Bu gün Yeni Azərbaycan Partiyası və Dövlət Sosial Müdafiə Fondunun birgə təşkilatçılığı ilə "Pensiya təminatında vahid prinsipin tətbiqi islahatların yeni mərhələsidir" mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə YAP Sədrinin müavini və İcra katibi Əli Əhmədov, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, AMEA İqtisadiyyat İnstitutunun elmi katibi Rəsmiyyə Abdullayeva çıxış ediblər.
DSMF sədri Səlim Müslümov Azərbaycan Respublikasında pensiya islahatlarının qısa xronologiyasını verib. O bildirib ki, 17 iyul 2001-ci il tarixində «Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyası» təsdiq olunub. 2001-2005-ci illərdə konsepsiyanın müddəaları gerçəkləşdirilib. Belə ki, 27 noyabr 2001-ci ildə «Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul edilib. «Azərbaycan Respublikasında dövlət pensiya sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2003-cü il tarixli 908 nömrəli Fərmanı ilə vahid sığorta-pensiya orqanının fəaliyyəti təşkil olunub. 2003-cü ildən fərdi uçot sisteminin tətbiqi ilə bağlı layihələrin icrasına başlanılıb və 2005-ci ilin sonunadək pilot və hazırlıq işləri başa çatdırılıb. O əlavə edib ki, 2004-cü ildən etibarən pensiya və müavinətlərin əhaliyə çatdırılmasında müasir texnologiyaların tətbiqinə keçilib. 2005-ci ildə sığorta pensiya sistemi ilə dövlət sosial yardım sistemlərini biri-birindən ayıran «Əmək pensiyaları haqqında» və «Dövlət sosial müavinətləri haqqında» Azərbaycan Respublikası qanunlarının layihələri hazırlanıb: "2006-cı il yanvarın 1-dən beynəlxalq standartlara cavab verən müasir sığorta-pensiya sisteminə keçid baş verib.
«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Həmin tarixədək tətbiq olunan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvədən salınıb. 2006-cı ildən məcburi dövlət sosial sığorta haqları hesabına müəssisə və təşkilatlar tərəfindən aparılan sosial ödəmələrin idarə olunması Dövlət Sosial Müdafiə Fonduna verilib". DSMF sədri nəzərə şatdırıb ki, 2007-ci il yanvarın 1-dən Dövlət Sosial Müdafiə Fondu vasitəsilə hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin məcburi dövlət sosial sığortasına cəlb edilməsi və fərdi uçotla əhatə olunmasına, həmin şəxslərin və dövlət qulluqçularının əmək pensiyaları ilə təminatına keçilib. 2007-cı il yanvarın 1-dən yeni təyin olunan pensiyaların əməkhaqqına məhdudiyyət qoyulmadan hesablanması reallaşdırılıb. 2008-ci il yanvarın 1-dən isə əvvəlki sistemlə (2006-cı ilin yanvarın 1-dək) təyin olunmuş pensiyalar əməkhaqqına qoyulmuş məhdudiyyət aradan qaldırılmaqla yenidən hesablanıb.
S.Müslümov islahatların növbəti mərhələsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilən «2009-2015-ci illərdə Azərbaycan Respublikasının sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı»na uyğun olaraq həyata keşirildiyini deyib. Proqrama uyğun olaraq 2010-cu il yanvarın 1-dən yeni təyin olunan pensiyalar üzrə 2006-cı ilin yanvarın 1-dək qazanılmış pensiya hüquqlarının əmək stajı göstəricisinə əsasən müəyyənləşdirilməsi həyata keçirilib. 2011-ci ildə yeni pensiya təyinatında tətbiq olunan əmək stajı göstəricisi əsasında hesablama qaydasının əvvəllər təyin olunmuş bütün pensiyalara da şamil edilməsi və bununla da pensiya təyinatının sistemin bütün iştirakçıları üçün vahid prinsiplə aparılması barədə qanun qəbul edilib.
S.Müslümov vurğulayıb ki, Azərbaycanda islahatlar digər keçid dövrü ölkələrində olduğu kimi, «şok» effekti ilə deyil, əvvəlki sistemlə əhatə olunmuş insanların davamlı sosial müdafiə tədbirləri vasitəsilə yeni şəraitə mərhələlərlə tam inteqrasiyası yolu ilə reallaşdırılmışdır. Ölkəmizdə 2006-cı ildən tətbiq olunan sığorta-pensiya modeli müasir sığorta-pensiya sistemləri üzrə ən mühüm elementləri özündə birləşdirir və nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Sığorta-pensiya modeli sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsindəki funksiyaların bir-birini tamamladığı vahid mexanizm kimi fəaliyyət göstərməkdədir:
"Ötən 5 ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması ilə bağlı 7, sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı 5 sərəncam verilmişdir. Nəticədə, yeni sistem fəaliyyətə başladığı dövrdən hazıradək əmək pensiyalarının minimum məbləği 3,4 dəfə, orta aylıq məbləği isə 4 dəfə artmışdır".
DSMF sədri qeyd edib ki, hazırda ölkə üzrə pensiyanın orta aylıq məbləgi 115 manat təşkil edir. O cümlədən, 01.01.2006-cı ilədək pensiyaya çıxanlar üzrə bu göstərici 102 manat, 01.01.2006-cı ildən 01.01.2010-cu ilədək pensiyaya çıxanlar üzrə 122 manat, 01.01.2010-cu ildən sonra pensiyaya çıxanlar üzrə 150 manatdır. "Azərbaycanda yeni sığorta-pensiya sisteminə keçidin xarakterik xüsusiyyətlərindən biri əvvəlki sistemlə əhatə olunmuş insanların da bu sistemə eyni şərtlərlə transfert olunmasıdır"-deyən S.Müslümov nəzərə çatdırıb ki, bu məsələ Dövlət Proqramında (Bənd 2.9 «Yeni sığorta-pensiya sistemi fəaliyyətə başladıqdan əvvəl və sonra pensiyaya çıxmış şəxslərin pensiya məbləğləri arasındakı əvvəlki pensiya sisteminin yaratmış olduğu fərqlərin aradan qaldırılması sahəsində təkliflərin hazırlanması») öz əksini tapıb. Həyata keçirilən islahatlara uyğun olaraq yeni pensiya təyinatında tətbiq olunan qaydalar əsasında 2006-cı ilə qədər qazanılmış bütün pensiya hüquqlarının yenidən hesablanması nəzərdə tutulur. Belə ki, 2006-cı ilin 1 yanvarınadək olan iş stajının hər ili üçün 170 manat pensiya kapitalı verilir. Sonra həmin kapital qanunvericiliklə müəyyən olunmuş gözlənilən pensiya ödənişi müddətinə, yəni 144 aya bölünür, alınan məbləğə 2006-2010-cu illərin inflyasiya faizi tətbiq edilməklə hər il üçün 1,94 manat pensiyanın sığorta hissəsi təyin olunur:
"Hesablamalarımıza əsasən, 845 min nəfərin pensiyası orta hesabla 40 faiz artacaq və bu tədbirin illik maliyyə yükü 390 mln. manat, 2011-ci ilin 6 ayında isə 195 mln. manat təşkil edəcək. Hazırkı anlamda minimum pensiya alma halı aradan qaldırılacaq". S.Müslümov konkret misallar çəkərək bildirib ki, məsələn yaşa görə 1995-ci ildə pensiyaya çıxmış və ümumi stajı- 38 il olan təhsil işçisinin pensiyası 85 manatdan 158,72 manata (Staj 38 il x1,94=73,72; 73,72 +85=158,72 manat) çataçaq. Yaxud yaşa görə 1993-cü ildə pensiyaya şıxmış ümumi stajı 40 il olan səhiyyə işçisinin pensiyasının məbləği 85 manatdan 162,60 manata (Staj 40 il x1,94=77,60; 77,60 +85=162,60 manat), yaşa görə 1992-ci ildə pensiyaya çıxmış ümumi stajı 44 il olan kitabxana işçisinin pensiyanın məbləği 85 manatdan 170,36 manata (Staj 44 il x1,94=85,36; 85,36 +85=170,36 manat) çatdırılacaq.
Qeyd olunan tədbirin reallaşdırılması ilə Azərbaycanda əhalinin pensiya təminatı vahid sistemə gətiriləcək.
S.Müslümov vurğulayıb ki, həyata keçirilən islahatlar prezident İlham Əliyevin "son illər ərzində maaşlar və pensiyalar bir neçə dəfə artırılmışdır. Bu gün pensiyaların orta həcmi əməkhaqqının orta həcminin 40 faizini təşkil edir. Bu da onu göstərir ki, Azərbaycan özünü dünyaya sosial dövlət kimi təqdim edir” fikrini bir daha təsdiqləyir.
Modern.az