Ölkə başçısının tapşırıq və tövsiyyələrinə uyğun olaraq bu il Füzuli rayonunda 2050 ha ərazidə pambıq əkilib. Pambıq əkilən 2050 ha sahəsi MKT İK MMC, Füzuli Kənd Təsərrüfatı MMC, CTS AQRO MMC ilə müqavilə bağlanılmaqla becərilib.
Rayon İcra Hakimiyyətindən Modern.az-a bildirlib ki, əkilən pambıq sahələrinə lazımı aqrotexniki qulluq göstərilib, mineral gübrələr verilib, vaxtlı-vaxtında suvarma suyu ilə təmin edilib. Əkilmiş pambıq sahələrinin becərilməsinə minlərlə insan cəlb edilib, onların məşğulluğu təmin edilib. Pambıq sahələrinə göstərilmiş lazımi aqrotexniki qulluq nəticəsində pambıq tarlalarında bol məhsul yetişdirilib.
Hazırda rayonda pambıq yığımına başlanılıb. Bu günə kimi rayon ərazisində əkilmiş pambıq sahələrindən 70 tondan artıq məhsul toplanaraq pambıq tadarükü məntəqələrinə təhvil verilib. Orta məhsuldarlıq isə 23-25 sentner olub. Havaların əlverişli keçməsi isə pambıq sahələrindən məhsulun tez və itkisiz yığımasına şərait yaradır. Rayon ərazisində əkilmiş 2050 ha sahədəpambıq istehsalçıları tərəfindən 4000 tona yaxın məhsul yığılması gözlənilir. Rayonda pambıq əsasən pambıqyığan kombaynlar və əl əməyindən istifadə edilməklə yığılır. İnsanların məşğulluğunun təmin edilməsi, onların maddi rifah hallarının yaxşılaşdırılması üçün daha çox əl əməyinə üstünlük verilir ki, bu işə də minlərlə rayon sakini cəlb edilir. Rayonda pambığın tez və itkisiz yığımını təşkil etmək məqsədilə bütün maşın və mexanizmlər, pambıqyıganlar hazır vəziyyətə gətirilib və bu sahədə işlərin operativliyini təmin etmək məqsədilə qərargah yaradılıb.
Rayonun pambıq istehsalçıları yığdıqları məhlulu MKT İK MMC-nin pambıq tədarükü məntəqəsinə o cümlədən rayon ərazisində tikilən pambıq qəbulu məntəqəsi təhvil verirlər.