Milli Məclisin deputatı Əli Məsimli mayın 30-da Şəki rayonunun Oxud kəndinə qaz verilişinin bərpası ilə əlaqədar təşkil edilmiş tədbirdə iştirak edib. Bu barədə Modern.az-a Əli Məsimlinin ofisindən məlumat verilib.
Həmin tədbirdə çıxış edən Əli Məsimli 17 illik fasilədən sonra 5000 nəfərdən çox sakini olan kəndə qaz verilişinin bərpa edilməsinin həm adıçəkilən kəndin, həm də ki, bütövlükdə rayonun həyatında əlamətdar hadisələrdən biri olduğunu qeyd edib. Deputat bu problemin həllinin insanların məişət şəraitinin yaxşılaşdırılmasına xidmət etməklə yanaşı ekoloji tarazlığın qorunmasında və meşə bərpa işlərinin səmərəliyinin artırılmasında mühüm rol oynayacağını qeyd edib, məsələnin reallaşmasında iştirak edən hər bir şəxsə öz minnətdarlığını bildirib.
Millət vəkili çıxışında həmin kənddə mövcud olan yol, su, orta məktəblərin təmiri və yeni tədris korpuslarının inşası, elektrik enerjisinin təchizatı ilə bağlı mühəndis-texniki qurğuların yenilənməsi və s. problemlərin həllini bundan sonra da daim diqqət mərkəzində saxlayacağını bildirib.
Əli Məsimli qeyd edilən problemlərin həlli istiqamətində yerli hökumətlə əməkdaşlığın və koordinə edilmiş fəaliyyətin qurulması və bu problemlərin qısa müddətdə həll edilməsi istiqamətində əməli tədbirlərin görüləcəyini qeyd edib.
Daha sonra millət vəkili ötən seçkilərdən keçən 8 aya yaxın bir müddətdə seçildiyi dairə ərazisində mövcud olan problemlərin öyrənilməsi, onların təsnifatlaşdırılması və həlli yollarının axtarılması istiqamətində mühüm işlərin görüldüyünü qeyd edib, görülmüş işlərin nəticəsi olaraq dövlət hakimiyyət orqanlarına və müvafiq icra sturukturlarına bu problemlərin həllinə kömək göstərilməsi xahişi ilə geniş bir sənədin hazırlandığını söyləyib.
Tədbirdən sonra Əli Məsimlinin Oxud kəndində seçiciləri ilə qəbulu təşkil edilib, millət vəkili seçiciləri narahat edən problemlərlə tanış olub.
Modern.az