Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində ixtisasartırma kurslarının növbəti buraxılışları olub. Bu barədə Modern.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş tədris plan-qrafikinə uyğun olaraq, cari ilin 21 - 26 may və 18-27 may tarixlərində Maliyyə Elm-Tədris Mərkəzində rayon (şəhər) üzrə maliyyə idarələrinin (şöbələrinin), xəzinədarlıq idarələrinin, Naxçıvan MR Maliyyə Nazirliyinin dövlət qulluqçuları üçün müvafiq olaraq “Dövlət gəlirləri, vergilərin proqnozlaşdırılması və iqtisadi təhlili” və “Xəzinə əməliyyatlarının təşkili və aparılması” mövzularında 2 qrup üzrə ixtisasartırma kursları təşkil edilib.
Tədris müddətində I qrup dinləyicilər qarşısında “Dövlət gəlirlərinin, vergilərinin proqnozlaşdırılmasının metodologiyası və iqtisadi təhlili”, “Qeyri-vergi gəlirlərinin formalaşması və iqtisadi təhlili”, “İnkişaf etmiş dövlətlərdə vergi islahatları praktikası”, II qrup dinləyicilər qarşısında isə “Xəzinədarlıq sisteminin mahiyyəti, əhəmiyyəti və üstünlükləri”, “Maliyyə planlaşdırılması: məqsəd və vəzifələr”, “Xəzinədarlığın informasiya idarəetmə sisteminin mahiyyəti” və digər mövzularda mühazirələr oxunub.
Bunlarla yanaşı, dinləyicilər “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın Maliyyə Nazirliyində həyata keçirilməsi barədə”, “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzularında mühazirələr də dinləyiblər. Tədrisi müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə müvafiq şəhadətnamə verilib.
Modern.az