İyunun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti Ciorcio Napolitanonun dəvəti ilə İtaliyanın birləşməsinin 150 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Bakıdan Romaya səfərə gedib.
(AzərTAc). Prezident İlham Əliyev iyunun 1-də Romada onun üçün ayrılmış iqamətgahda Moldova Respublikası Prezidentinin vəzifəsini icra edən Marian Lupu ilə görüşüb. Görüşdə Azərbaycan ilə Moldova arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə olunub, ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləməsinin önəmi qeyd edilib, əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanaraq bu potensialın reallaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb. İlham Əliyev İtaliyanın “Edison” Şirkətinin baş icraçı direktoru Bruno Leskörü da qəbul edib. Görüşdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə “Edison” şirkəti arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanıb, Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri layihəsinin həyata keçirilməsi perspektivləri ilə bağlı məsələlər müzakirə edilib. Azərbaycan Prezidenti neft-qaz və neft-kimya sənayesi üçün mühəndis və texnoloji avadanlıq istehsal edən Technip-İtaly (Teknip İtaliya) şirkətinin baş icraçı direktoru Marko Villanı qəbul edib. Görüşdə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Technip-İtaly şirkəti arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Modern.az