“Yaxın vaxtlarda azərbaycanlı deputatların İraqa və yaxud iraqlı deputatların Azərbaycana səfəri gözlənilmir”.
Bu sözləri Modern.az-a açıqlamasında Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri İlham Məmmədov bildirib.
Üçüncü çağırış Milli Məclis dövründə də Azərbaycan-İraq paralamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olmuş deputatın sözlərinə görə, ötən çağırış dövründə parlamentlərarası əlaqələrlə bağlı əməkdaşlıq etməyə çalışıblar:
“Lakin məlum məsələlər üzündən bu qarşılıqlı səfərlər baş tutmadı. Doğrusunu desəm, biz ötən çağırış dövründə bir dəfə İraqa getmək istədik və bunla bağlı danışıqlar da apardıq. Ancaq İraqın xarici işlər nazirinin öldürülməsindən sonra bu məsələ təxirə düşdü”.
Millət vəkili bir müddət öncə əməkdaşlıqla bağlı görüşlər keçirdiklərini və bunun nəticəsinə uyğun olaraq təhlükəsizlik məsələləri həll olunarsa, yaxın müddətdə əməkdaşlıq məsələlərinə baxılacağını da bildirib: “Ola bilsun ki, Azərbaycan-İraq parlamentlərinin qarşılıqlı səfərləri də gerçəkləşsin. Bunun hamısı İraqda baş verən hadisələrlə bağlıdır. Təhlükəsizlik məsələləri həll olunacağı təqdirdə təbii ki, əməkdaşlıq da genişlənəcək. Çünki İraq Azərbaycanın həmişə mütəffiqi, Azərbaycana isti münasibət bəsləyən dövlət olub. Hətta deyərdim ki, İraq Azərbaycanın müstəqliiyini, suverenliyini tanıyan ilk dövlətlərdən olub. Ona görə də bu qarşılıqlı əməkdaşlığın hər iki tərəfə də fayda verəcəyi fikrindəyəm”.
Modern.az