Sentyabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. Öncə dünya şöhrətli alim Lütfi Zadənin xatirəsi ehtiramla yad edilib, zəngin elmi irsinin əhəmiyyətindən söz açılıb.
Sonra AMEA-nın prezidenti, akademik Akif Əlizadə bir qrup alimə AMEA-nın professoru diplomlarını təqdim edib.
Modern.az xəbər verir ki, tədbirdə Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədovun "Kvant texnologiyaları və onların Azərbaycanda inkişaf perspektivləri" mövzusunda məruzəsi dinlənilib.
Daha sonra "Azərbaycan Respublikası iqtisadiyyatının əsas sektorları üzrə strateji yol xəritələrindəki tapşırıqların icrası üzrə AMEA-nın tədbirlər planı" müzakirə edilib.
Bununla bağlı çıxış edən AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev ölkə başçısının "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" Fərmanı ilə AMEA qarşısında mühüm vəzifələrin müəyyənləşdirildiyini bildirib. Strateji yol xəritələrindəki tapşırıqların icrası üzrə AMEA-nın tədbirlər planının hazırlandığını deyib.
İclasda tədbirlər planı təsdiq edilib, AMEA-nın elmi bölmələri və əlaqədar institutların rəhbərlərinə strateji yol xəritələrinin müzakirəsi zamanı irəli sürülmüş təkliflərin həyata keçirilməsi ilə bağlı tapşırıqlar verilib.
Sonra bir sıra elmi-təşkilati məsələlərə baxılıb.