Sağlam uşağa "qolu sınıb" deyərək gips qoyublar. Modern.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, Ağsu rayonunun Elabad kənd sakini, 1 yaş 5 aylıq Sevinc Sarılının qolunda ağrı yaranıb. Valideynləri də uşağı müayinə etdirmək üçün Ağsu rayon Mərkəzi Xəstəxanasına aparıblar. Orada xəstəxananın həkimi Fazil Əzizovla rastlaşıblar. Həkim azyaşlının qolunun sındığını bildidirb. Lakin evə gələndən sonra azyaşlının ağrıları daha da artıb.
Müəyyən şübhələrlə üzləşən valideynlər Sevinci Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına apararaq yenidən müayinə etdiriblər. Orada uşağın qolunun sınmadığı deyilib. Üstəlik də gipsin düz qoyulmadığı bildirilib.
Gipsi açdıqda isə görüblər ki, uşağın qoluna xeyli zərər dəyib.
Məsələ ilə bağlı Ağsu Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, uşağın qolunu gipsə salan Fazil Əzizov Bakıda imtahandadır. Fazil Əzizovla əlaqə yaradılanda isə o, əvvəlcə müsahibə verməyə razılaşsa da, bir neçə dəqiqə sonra telefonunu söndürüb. Xəstəxana rəhbərliyinin məsələyə münasibəti isə çəkiliş qrupunu məhkəməyə verməklə hədələmək olub.