Sibir regionunda yerləşən Krasnoyarsk Dövlət Aqrar Universitetinin rektoru və bir qrup əməkdaşı 25 sentyabr 2017-ci il tarixində ADAU-ya səfər ediblər. ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov qonaqlara universitetin tarixi, müasir vəziyyəti, aqrar sahəyə və aqrar təhsilə dövlət dəstəyi, əməkdaşlıq əlaqələrinin prioritet istiqamətləri barədə məlumat verib.
Səmimi qəbula görə dərin təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri, Krasnoyarsk Dövlət Aqrar Universitetinin rektoru, professor Natalya İvanovna Pıjikova hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, müəllim və tələbələrin mübadiləsi, birgə elmi-tədqiqat işlərinin aparılması məsələlərinin zəruriliyini qeyd edərək, son illərdə ADAU-nun maddi-texniki bazasının müasir standartlara uyğun yenidən qurulması, laboratoriyaların, tədris və tədqiqat mərkəzlərinin yaradılmasını çox yüksək qiymətləndirib.
Görüşün sonunda universitetlərarası əməkdaşlıq müqaviləsi imzalanıb.
Sonra qonaqlar universitetin tədris korpuslarında tədris və elmi-tədqiqat bazası, tələbə evində yaradılan şəraitlə yaxından tanış olublar.