Modern.az

Neftin qəribə taleyi: Gərginlik artdıqca, bahalaşacaq

Neftin qəribə taleyi: Gərginlik artdıqca, bahalaşacaq

26 Sentyabr 2017, 14:02

Dünəndən dünya birjalarında neft sürətlə bahalaşır. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,12 dollar və ya 0,23% artaraq 52,34 dollar təşkil edib. 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,43 dollar və ya 0,73% artaraq 59,45 dollar olub. Beləliklə, Brent markalı neftin qiyməti 2015-ci ilin iyul ayının ortalarından etibarən ən yüksək həddə çatıb.


Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban dünya birjalarında neftin qiymətinin bahalaşmasına münasibət bildirib.

İlham Şaban Modern.az-a deyib ki, İraq Kürdüstanında ildə nə qədər neft hasil olunduğuna dair dəqiq məlumat yoxdur:

 

“Bəllidir ki, İraq hökuməti OPEK-ə məlumat verib ki, gündəlik 4, 2 milyon barrel neft hasil edir. İraq Kürdüstanı İraqdakı neft hasilatının 60 faizinin onun payına düşdüyünü iddia edir. Müstəqil ekspertlər, o cümlədən İraq hökuməti rəqəmin şişirdilmiş olduğunu bildirir. Ona görə də real olaraq, son 10 ildə İraq Kürdüstanında nə qədər neft hasil edildiyinə dair konkret rəqəm yoxdur. Orada qaçaqmalçılıq həddindən artıq çoxdur.

İraq hökuməti bəyan etdi ki, Kərkükə nəzarəti öz üzərinə götürəcək, hətta bunun üçün güc metodundan da istifadə edəcək. Məsələlərə münasibət bildirən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “nə istəyirlər etsinlər, İraqın dövlət kimi yaşaması petroldan asılıdır. O petrolun “kranı” mənim əlimdədirsə, sonacan sıxacam” açıqlamasını verdi. Həm İraq hökumətinin, həm də Türkiyə tərəfindən sərt bəyanatların verilməsi, bazar iştirakçılarında böyük təlatüm yaradıb.

Həftəinin ilk günü ABŞ-dakı şist neft yataqlarında buruqların sayının azaldığı açıqlanıb. Bu da öz növbəsində birjalara öz təsirini göstərir. Digər amil isə Beynəlxalq Enerji Agentliyinin neft ehtiyatlarının azalmasına dair açıqlamasıdır ki, həftənin ilk günündə 13 iyul 2015-ci ildən etibarən neftin qiyməti belə bir sıçrayış etdi”.

 

İ.Şaban bildirib ki, neftin yüksək qiymətlərinin davametmə müddəti siyasi faktorlardan asılı olacaq:

“Referendum dövründə hakimiyyət və İraq Kürdüstanı arasında münasibət, Türkiyə və İraq Kürdüstanı arasındakı münasibət, eyni zamanda, İranla İraq Kürdüstanı arasındakı münasibətlərin hamısı neftin qiymətlərinə təsir edəcək amillərdir. Bu amillər nə qədər qızışdırıcı olarsa, neftin qiymətinin yüksəlməsinə də bir o qədər təsir edəcək. Əgər məsələlər tezliklə daha stabil məcraya yönələrsə, o zaman neftin qiymətində enmələr müşahidə olunacaq. Hər şey dünyada və regiondakı proseslərdən asılı olacaq. Hələ ki görünən odur ki, gərginlik bir müddət davam edəcək”. 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI