Modern.az

Azərbaycandakı “Ronahi” Kürd Mərkəzi Bərzaninin referendumunu dəstəklədi  

Azərbaycandakı “Ronahi” Kürd Mərkəzi Bərzaninin referendumunu dəstəklədi   

26 Sentyabr 2017, 14:14

Ötən gün Şimali İraqda Kürdüstan muxtariyyəti müstəqillik qazanmaq üçün referendum keçirib. Şimali İraqda Kürdüstanın rəhbəri Məsud Bərzaninin keçirdiyi referendum qonşu dövlətlərin etirazına səbəb olub. İraq, Suriya, Türkiyə, İran rəsmiləri referendum əleyhinə bəyanatlar verməkdədirlər.

Bəs Azərbaycandakı kürdlər referendumu necə qarşılayıb?

“Ronahi” Kürd Mədəniyyət Mərkəzinin sədri Fəxrəddin Paşayev məsələ ilə bağlı Modern.az-a deyib ki, Kürdüstanın müstəqilliyi üçün referendumun keçirilməsi onun üçün müsbət haldır:


“Müstəqilliyə qovuşmayan xalqların hamısına bunu arzu edirəm. Bu referendum mənə Azərbaycanın öz müstəqilliyini elan elədiyi illəri xatırlatdı. Çünki biz də Azərbaycan Respublikası olaraq 70 ildən çox SSRİ-nin əsarəti altında qalmışdıq. Müstəqilliyin verdiyi imkanların heç birindən istifadə edə bilmirdik. Şimali İraqdakı kürdlərin müstəqillik üçün keçirdikləri referendum məni çox sevindirdi. Bilirəm indi onlar nə hisslər keçirir. Hər bir xalqın haqqıdır ki, öz müqəddəratını təyin etsin. Dünyada yeganə haldır ki, 40 milyondan çox olan kürd xalqının dövləti yoxdur”.

F.Paşayev bildirib ki, müstəqil kürd dövlətinin qurulmasının Türkiyəyə faydası olacaq.


“Bəzən fikirlər səsləndirilir ki, müstəqil kürd dövlətinin qurulmasının bizim qardaş ölkə Türkiyəyə mənfi təsir edəcək. Bu çox yanlış fikirlərdir. Mən düşünürəm ki, Kürdüstanın müstəqilliyi Türkiyə dövlətinə faydalı olacaq. Terrorçu qruplaşmalar, separatçı dəstələrin sərhədi istədikləri kimi keçməsinin qarşısı alınacaq. Bu gün Türkiyənin ticarət əlaqələrinin miqdarını götürsək, ikinci yeri Şimali İraq bölgəsi tutur. Kürdüstan dövlətinin qurulması Türkiyədə sabitliyin yaranmasına fayda verəcək. İstənilən halda bütün demokrat insanlar dəstəklənməlidir”.

“Ronahi” sədrinin sözlərinə görə, müstəqil kürd dövlətinin qurulması Azərbaycana həm iqtisadi, həm də siyasi baxımdan müsbət təsir edəcək.

“Bu gün referendum keçirilən bölgədə bizim türkman qardaşlarımız yaşayır. 2003-cü il Kürdüstan Federal bölgəsi yaranana qədər Səddam Hüseynin siyahısında türkman adlı millət yox idi. Kürdüstan Federal bölgəsi siyasi qurum kimi yaradılandan sonra türkmanların ana dilində radiosu, qəzetləri, jurnalları açıldı, parlamentdə 4 deputatla təmsil olunurlar. Yəni onlara bütün hüquqlar verilib. Türkmanlar özlərini azərbaycanlı sayırlar. Hər dəfə giley edirlər ki, nəyə görə Azərbaycan dövləti onların arxasında durmur. Referendumda hətta türkmanlar da iştirak edib və Kürdüstanın müstəqliyyinə səs veriblər. Kürdüstan dövləti türkmanların da bölgədə rahat yaşaması üçün bütün şərait yaradacaq”. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?