“Gənclərimizin təhsilhaqqını ödəməklə bağlı müəyyən problemi var. Təhsil Nazirliyi artıq bununla bağlı addım atıb. Nazirlik tərəfindən Maarifçi Tələbə Kredit Fondu yaradılıb. Biz də öz növbəmizdə xüsusi dövlət proqramı tərtib etməliyik və yaxud da Maairfçi Tələbə Kredit Fonduna müəyyən status verilməlidir ki, tələbə kreditlərini çox sərbəst şəkildə gənclərimizə verə bilsin”.
Bunu Milli Məclisin Gənclər və idman komitəsinin dünən keçirilən iclasında komitə sədri Fuad Muradov deyib.
Ölkəmizin özəl qurumlarının da təhsilə dəstəyi önəmlidir
Məsələ ilə bağlı Modern.az saytı Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəylinin fikirlərini öyrənib. Deputat həmkarını dəstəklədiyini bildirib:
“Bilirsiniz, Maarifçi Tələbə Kredit Fondu vasitəsilə tələbələr təhsil aldığı müddətdə kredit borcu götürür və universiteti bitirib istədiyi müddətdə onu hissə-hissə müəyyən olunmuş qaydada geri qaytarırlar. Bu, dünyada yayılmış praktikadır. Azərbaycanda da Təhsil Nazirliyi bir neçə müddət bundan qabaq işə başlayıb. Ehtiyacı olan tələbələrə bəlli bir miqdarda kredit verilir. Maarifçi Tələbə Kredit Fondu artıq öz imkanlarını genişləndirməyə davam edir. “Elm haqqında” qanuna əsasən, Maarifçi Tələbə Kredit Fondu ancaq bakalavr pilləsində ehtiyacı olan tələbələrin maliyyələşdirməsi ilə məşğuldur. Amma “Elm haqqında” qanunda həm də ehtiyacı olan doktorantların kredit borcu götürmək imkanları haqqında ayrıca maddə var. Gərək Maarifçi Tələbə Kredit Fonduna özəl qurumlar da qatılsın. Hələlik bir neçə ali məktəb buna dəstək verir. Ölkəmizin özəl qurumlarının təhsilə dəstəyi də önəmlidir. Hələ ki özəl sektor bu məsələdə seyrçi mövqedədir”.
““Təhsil haqqında” qanuna kreditlərlə bağlı maddə əlavə etmək məqsədəuyğundur”
İ.Həbibbəyli bu istiqamətdə qanuna müəyyən əlavələrin olacağını da vurğulayıb:
“İstəyirik ki, bu barədə “Təhsil qanunu”na bir neçə maddə əlavə edək. Yaxud ayrıca təhsil alanların kredit alması haqqında qanun layihəsi hazırlamaq fikrindəyik. Çünki təkcə bakalavrları deyil, həm də magistrları, elmlər doktorlarını əhatə edən qanun layihəsi hazırlamalıyıq. Təhsil qanununa bir neçə maddə əlavə etməklə bunu tənzimləmək olar.
Bütövlükdə təhsil alanların bu fonddan istifadə etməsinə şərait yaratması ilə bağlı qanunvericilik bazası formalaşdırmaq lazımdır. Bu, çox əhəmiyyətli işdir və cəmiyyət üçün də maraqlıdır. Mən həmkarımın fikirlərini dəstəkləyirəm. Təhsil haqqında qanuna kreditlərdən istifadə etmək barədə maddə əlavə etmək məqsədəuyğundur”.