Azərbaycana “Avroviziya 2011” mahnı müsabiqəsində qalibiyyət qazandıran gənc ifaçı Eldar Qasımovun sabah ad günüdür. 4 iyunda onun 22 yaşı tamam olur.
1989-cu ildə Bakıda dünyaya gələn E.Qasımov 2001-2005-ci illərdə 2 saylı Musiqi Məktəbində fortepiano üzrə təhsil alıb. 2008-ci ildə Almaniyada vokalı, aktyor ustalığını və səhnə nitqini öyrənib. 2006-2010-cu illərdə Bakı Slavyan Universitetinin beynəlxalq əlaqələr və regionşünaslıq fakültəsində təhsil alıb. 2010-cu ildə həmin təhsil ocağının beynəlxalq əlaqələr ixtisası üzrə magistratura pilləsinə qəbul olunub.
Modern.az-ın məlumatına görə, ad günü ərəfəsində Eldar səhhətindən və digər məsələlərdən danışıb. Gənc ifaçı bildirib ki, öz sağlamlığını hər zaman diqqətdə saxlayır:
“Ən çox boğazımın ağrımasından, səsimin tutulmasından qorxuram...
...Siqaret isə ümumiyyətlə çəkmirəm. Ötən ilə qədər bir neçə dəfə siqaret çəkmişəm. Ancaq düşündüm ki, əgər mən gələcəkdə oxumaq istəyirəmsə, siqaretdən əl çəkməliyəm...
...İçkilərdən bəzən qırmızı şərab içirəm. Bu sağlamlıq üçün zərərli deyil”.
E.Qasımov deyib ki, nə vaxt sağlamlığı ilə bağlı problemi olsa, atasına və bibisinə müraciət edir, məsləhət alır.
Öz həyat tərzindən danışan E.Qasımov deyib ki, nə qədər çox yesə də, kökəlmir.
“Nə qədər çox yesəm də, iş rejimim gərgin olduğundan kökəlmirəm. Məşqlər, stress, həyəcan, bunların hamısı öz təsirini göstərir...”.
Eldar deyib ki, o, milli mətbəximizi xoşlayır: “Plovu, dolmanı – həm yarpaq, həm badımcan, həm də kələm dolmasını, bir də paytaxt salatını çox xoşlayıram”.
Özünün xörək hazırlaya bilmədiyini deyən gənc ifaçının sözlərinə görə, ancaq səhər yeməyinə yumurta bişirməyi bacarır.
Ad günü ərəfəsində “artıq xalqımdan hədiyyə almışam” deyən E.Qasımov bildirb ki, “Avroviziya 2011”dən sonra həm Azərbaycanın qələbəsi, həm də xalqın sevinci onun üçün ən böyük hədiyyədir.
Modern.az