Modern.az

Universitetlər niyə məzun diplomlarını vaxtında vermirlər? - Deputat cavab istədi

Universitetlər niyə məzun diplomlarını vaxtında vermirlər? - Deputat cavab istədi

27 Sentyabr 2017, 11:07

Ali təhsil müəssisələri maksimum iki iş həftəsi ərzində bütün tələbələrə təhsil sənədlərini verməyə borcludur. Bu, qanunvericiliklə də tənzimlənir. Belə ki,  Nazirlər Kabinetinin 2010-cu il, 82 nömrəli qərarının 4.1-cü bəndinə əsasən, tələbə universiteti bitirdikdən sonra 10 gün müddətində diplomla təmin olunmalıdır.

 

Lakin Azərbaycanda yalnız Bakı Ali Neft Məktəbi və ADA Universiteti elə məzun günündə diplomu təqdim edir. Qalan bütün universitetlər minimum  4 ay sonra diplomları təqdim edir. Hətta bəzən proses bir il müddətinə qədər uzanır. Bu o deməkdir ki, tələbələrin hüququ ciddi şəkildə pozulur.

 

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asim Mollazadə Modern.az-a bildirib ki, bu cür vəziyyətin müşahidə edilməsi təəssüf doğuran haldır:

“Mənə elə gəlir, bu istiqamətdə ciddi araşdırmalar aparılmalıdır. Niyə universitetlər vaxtında məzunların diplomlarını vermirlər?. Bunun səbəbləri müəyyən edilməlidir. Təbii ki, həm Milli Məclisin Elm və təhsil komitəsi, həm də Təhsil Nazirliyi   bu məsələni müzakirə edə və mövcud olan vəziyyətlə bağlı tədbirlər  görə bilər”.

Deputat düşünür ki, ölkədə fəaliyyət göstərən bütün ali təhsil müəssisələri qanunvericiliyə riayət etməlidir:

“Azərbaycan Diplomatik Akademiyası Nazirlər Kabinetinin qərarına riayət edir. ADA Azərbaycanda  müasir standartlara cavab verən ali təhsil müəssisəsidir. Bu baxımdan düşünürəm ki, digər universitetlər də ADA-nın təcrübəsini mütləq tətbiq etməyə çalışmalıdırlar”.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI