““Qarabağ” Azərbaycanın futbol tarixində ilkə imzaq ataraq Çempionlar Liqasının qrup mərhələsində iştirak edir. Komandmız qrupda Avropanın ən güclü klubları ilə mübarizə aparır”.
Bunu Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini, karate üzrə dəfələrlə Avropa və dünya çempionu, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev Modern.az saytına açıqlamasında deyib.
Deputat “Qarabağ”-“Roma” oyununun nəticəsi barədə əvvəlcədən proqnoz verməyin çətin olduğunu bildirib.
““Qarabağ”ı “Roma” ilə çox çətin oyun gözləyir. Çətin olmağına baxmayaraq, “Qarabağ”dan sürpriz gözləmək olar. “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində iştirakı böyük bir təcrübədir. Hesab edirəm ki, gələcəkdə bu təcrübə özünü daha da yaxşı göstərəcək”.
Ülvi Quliyev bildirib ki, “Qarabağ”ın Çempionlar Liqasında iştirak etməsinin siyasi tərəfi də var.
“Hesab edirəm ki, bu, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında vasitələrdən biridir. “Qarabağ” klubu bu istiqamətdə öz üzərinə düşən funksiyanı yerinə yetirdi. Artıq bir çox arenalarda “Qarabağ” sədaları eşidilir. Biz buna Londonda “Çelsi” ilə keçirilən oyunda da şahidlik etdik. Nəticənin necə olmasından asılı olmayaraq, “Qarabağ”a uğurlar arzulayıram. Hesab edirəm ki, futbolçularımız üzərilərinə düşən məsuliyyətin altından alnıaçıq çıxacaqlar”.
Deputat Azərbaycanın qadınlardan ibarət voleybol üzrə milli komandasının Avropa Çempionatının ¼ final mərhələsinə yüksəlməsindən də danışıb.
“Voleybol həmişə Azərbaycanda inkişaf edən idman növlərindən biridir. Xüsusilə də qadınlardan ibarət voleybol komandamız. Son dövrlər bütün idman növlərinə Azərbaycanda diqqət, qayğı artıb. Onun nəticəsində də Polşa, Macarıstan, Almaniya kimi dünyada böyük reytinqi olan komandalara millimiz qalib gəldi. Bu, çox böyük qələbədir. Arzu edərdim ki, millimiz ən yüksək pilləyə yüksəlsin. Düşünürəm ki, komandamız layiqli oyunlarını davam etdirəcək. Bunun üçün ruh yüksəkliyinin olduğunun şahidiyik”.
Ülvi Quliyev qeyd edib ki, Prezident İlham Əliyevin millimizin oyunlarını izləməsi komandamızın üzərində böyük məsuliyyət yaradır.
“Bu, bir daha Azərbaycan Prezidentinin idmana olan qayğısını göstərir. Komandamıza böyük stimul verir. Milimizə bu istiqamətdə böyük uğurlar əldə etməyi arzulayıram”.