"“Qarabağ” dünyanın adlı-sanlı komandalarından olan “Roma” ilə əzmkar oyun keçirdi. “Qarabağ” komandasının əzmkarlığı həm də futbolçularımızda Qarabağ istəyinin nə qədər güclü olduğunu göstərirdi. Bu milli ruh istər “Qarabağ”ın gələcəkdə dünya arenasında qazanacağı qələbələrdə, istərsə də işğal altında olan torpaqlarımızın azad edilməsində böyük rol oynayacaq". Bu fikirləri Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda “Qarabağ”-“Roma” qarşılaşmasını stadiondan izlədikdən sonra təəssüratlarını Modern.az-la bölüşərkən deyib.
F.Muradov bildirib ki, bu mübarizlik, bu əzmkarlıq futbol komandamızın seçdiyi yolu sonadək gedəcəyinin göstəricisidir: "Azərbaycan torpaqlarını işğal edən Ermənistan tarixi saxtalaşdıraraq bəzən Qarabağın onlara aid olduğunu iddia edirdisə, “Qarabağ” futbol komandası artıq bu iddiaları alt-üst edir. “Qarabağ” komandası öz nəaliyyətləri ilə Qarabağın Azərbaycana aid olduğunu dünya çapında həm təbliğ edir. Həmçinin, ölkəmizdə idmana dövlət səviyyəsində qayğı olduğunu nümayiş etdirir. Bəzən fikirlər səsləndirilirdi ki, torpaqlarımızın işğalından 25 il ötüb və o torpaqlar yaddan çıxır. Amma “Qarabağ”ın uğurları göstərdi ki, ölkəmizdə milli ruh, qələbə əzmkarlığı yüksək olaraq qalır. İnanırıq ki, “Qarabağ”ın nəaliyyətlərinin ardınca, biz Qarabağda da qələbəni qeyd edəcəyik"