Bu gün Çempionlar Liqasında, “C” qrupunda yer alan Ağdamın “Qarabağ” komandası ilk ev oyununu keçirdi. Modern.az xəbər verir ki, qrup mərhələsinin ikinci turunda komandamız dünyanın adlı-sanlı klublarından olan İtaliya “Roma”sını qonaq etdi. Sonadək mübarizə aparan komandamız 1:2 hesabı ilə məğlub olsa da, bu qələbəyə bərabər məğlubiyyət sayıla bilər. Çempionlar Liqasının qrup mərhələsində ilk dəfədir mübarizə aparan komandamızın özündən xeyli güclü bir rəqibə qarşı gəstərdiyi oyun “Qarabağ”a qarşı rəğbəti daha da artırdı. Oyunun ikinci hissəsində “Roma”nın daha təcrübəli oyunçularının meydana çıxması, rəqibin “Qarabağ”dan hər an təhlükə gözlədiyini göstərdi. Tamaşaçıların “Qarabağ”ı sonadək dəstəkləməsi isə istənilən halda komandamızın yanında olacaqlarını göstərdi.
20:29
"Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində ikinci oyunu da uduzdu - 1:2.
***
“Qarabağ” Çempionlar Liqasında ilk qolunu vurub. Oyunun 28-ci dəqiqəsində komandamız hesab arasındakı fərqi azaldıb - 1:2.
20:16
“Qarabağ” “Roma” qarşılaşmasında ikinci qol vuruldu. Oyunun 15-ci dəqiqəsində artıq "Qarabağ" hesabda 2:0 geri düşüb.
20:08
“Qarabağ” “Roma” qarşılaşmasında hesab açıldı. "Qarabağ" "Çelsi" ilə matçda olduğu kimi, yenə də erkən qol buraxdı. Kostas Manolas "Roma"nı hesabda önə çıxardı.
20:01
Bu gün UEFA Çempionlar Liqasında, “C” qrupunda yer alan Ağdamın “Qarabağ” komandası ilk ev oyununu keçirir. Modern.az xəbər verir ki, qrup mərhələsinin ikinci turunda “Qarabağ” İtaliyanın “Roma” klubu ilə qarşılaşır. Bakı Olimpiya Stadionunda keçirilən görüşü portuqaliyalı baş hakim Artur Dias idarə edir.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Qarabağ” səfərdə “Çelsi” ilə qarşılaşıb. Həmin görüş 0:6 hesabı ilə “Çelsi”nin xeyrinə başa çatıb. “Roma” isə doğma meydanda “Atletiko Madrid” ilə heç-heçə edib – 0:0.