Modern.az

QMİ nümayəndəsi Aşurada qaydalara riayət etməyə ÇAĞIRIR  

QMİ nümayəndəsi Aşurada qaydalara riayət etməyə ÇAĞIRIR   

28 Sentyabr 2017, 13:54

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təqvimə əsasən bu il Məhərrəm ayı sentyabrın 22-də başlayıb. Aşura günü isə oktyabrın 1-ə təsadüf edir.

 

QMİ-nin rəsmi nümayəndəsi, Məşədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənli Modern.az-a deyib ki, Azərbaycanda Aşura mərasimləri, mövcud qanunvericiliyə əsasən, məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə ictimai asayiş qaydalarına riayət olunmaqla keçiriləcək:

“Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi öz tövsiyələrini verib. Məhərrəmlik ərzində Kərbəla şəhidlərilə yanaşı, Qarabağ uğrunda şəhid olan həmvətənlərimizin əziz xatirəsi yad ediləcək. Mərasimlər zamanı çıxışlarda da bu mövzulara toxunulacaq. Keçmişdən bu cür mərasimlərdə təziyyə, əzadarlıq ənənələrimiz var. Buna uyğun da məclislər keçiriləcək”.

 

İlahiyyatçı bildirib ki, əzadarlıq zamanı ifrata yol verməmək ciddi şəkildə tövsiyə olunur:

“Bəzi hərəkətlər təziyyə, əzadarlıq adı ilə edilir, amma əslində həmin hərəkətlər imam Hüseynin Kərbəla hadisəsinə kölgə salır, insanların məqsədlərini cılızlaşdırır. Baş yarmaq, qan çıxartmaq, özünü zəncirlə döymək kimi ifrat əzadarlıq formaları tətbiq edilməməlidir. Artıq uzun illərdir ki, təziyyə mərasimləri bu şəkildə keçirilmir. Yenə də tövsiyyə olunur ki, ədəb-ərkan qaydalarına riayət edilsin, ifratdan, xurafatdan uzaq olsunlar”.

Hacı Şahin bildirib ki, Aşura günü məscid və ziyarətgahlarda qanvermə aksiyaları təşkil olunacaq:

“İnsanların öz sağlamlıqlarına zərər verməklərindənsə, qan vermələri məsləhətdir. İmam Hüseyn və silahdaşları azadlıq uğrunda canlarından keçiblərsə, onların davamçıları da insanlara həyat verməyə çalışsınlar. Bu baxımdan qanvermə aksiyası həm də bir fədakarlıq nümunəsidir. İnsanlarda xeyriyyə və yardımlaşma əhvali-ruhiyyəsini yaradır. Mərasimlər bu şəkildə keçirilməlidir və keçirilir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI