Modern.az

“İnsanlar bu maddə ilə həbs edilməməlidir?” - Deputat etiraz etdi

“İnsanlar bu maddə ilə həbs edilməməlidir?” - Deputat etiraz etdi

Aktual

29 Sentyabr 2017, 13:21

“Hesab edirdim ki, yeni gələn təklifdə 234-1 maddəsi Cinayət Məcəlləsindən çıxarılmalıydı və çıxarılacaq.  Amma yenə də həmin qaydada gəlib. Sadəcə biz yeni cəza növü olan - azadlığın məhdudlaşdırılmasını tətbiq edirik. Mən sadəcə bilmək istəyirəm ki, 234.1-lə insanlar niyə həbs edilməlidir?”

 

Modern.az-ın məlumatına görə,  bu sözləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə  “Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin ictimai dinləməsində çıxışı zamanı deyib.

 

Deputat bildirib ki, bu gün cəzaçəkmə müəssisəslərində 30 faizə qədər insan narkotiklə bağlı həbsxanalardadır.

 

“Bu da 16 mindən çox məhkumun 5-6 mini edir. Onların da məhz 50 faizi 234-1 maddəsilə cəza çəkir. Niyə? Bəlkə başqa bir cəza növü fikirləşək? Layihədə də qeyd edilib ki, bu şəxslər ya azadlığın məhdudlaşdırılması, ya da 3 ilə qədər həbs edilə bilər. Hesab edirəm ki, bu maddənin üzərində düşünmək lazımdır. 

 

Biz həm də dövlətin maraqlarından çıxış edirik. Burada iqtisadi maraqlar da var. Bu adamlar tutulanda ailələrdə problemlər yaranır. Ailələr dağılır, uşaqlar, qadınlar əziyyət çəkirlər.

 

Həbsxana yollarında qalırlar. Hesab edirəm ki, bu maddənin üzərində düşünməliyik. Ola bilər ki, hansısa qurumlara lazımdır ki, bu maddə qüvvədə qalsın. Küçələrdə alkoqoliklər doludur.

 

Biz onları tutub içəri salmırıq. Amma bir adamın üzərindən bir qram narkotik çıxmağına görə, onu azadlıqdan məhrum  edirik. Hesab edirəm ki, bu düzgün deyil. Təklif edirəm ki, 234-1 maddəsi Cinayət Məcəlləsindən çıxarılmalıdır”-deyə Ç. Qənizadə qeyd edib.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu