Vəkillər Kollegiyasında sədrin vəzifəsini icra edən Fərhad Nəcəfov Rəyasət Heyətinin sədrliyinə 4 nəfərin namizədliyi irəli sürülməsini təsdiqləməyib.
Bu barədə Modern.az-a danışan F.Nəcəfov deyib ki, heç kəsin namizədliyi irəli sürülməyib:
“Namizədliyin irəli sürülməsi konfrans zamanı müəyyən olunacaq”.
F.Nəcəfov qeyd edib ki, konfransın keçirilməsi dekabr ayına nəzərdə tutulub:
“Yayılan məlumat həqiqəti əks etdirmir”.
“Report”un əldə etdiyi məlumata görə, Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin sədrliyinə 4 nəfərin namizədliyi irəli sürülüb.
Bunlar VK-nın sədr müavini, Kollegiyanın hazırkı sədr əvəzi Fərhad Nəcəfov, sədrin digər müavini Aydın Axundov, RH-nın üzvü Anar Bağırov və Məhkəmə-Hüquq Şurasının keçmiş üzvü, vəkil Şəfayət Həsənovdur.
Namizədlərin sayının artacağı istisna edilmir.
Bu il dekabr ayında Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti konfransı keçiriləcək. Konfransda Rəyasət Heyətinin üzvləri və Heyətin yeni sədri seçiləcək.
Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Azər Tağıyevin vəzifəsindən azad olunub. Yeni sədr seçilənə qədər sədrin səlahiyyətlərini sədr müavini Fərhad Nəcəfov icra edəcək.