Bu gün qadın voleybolçular arasında Avropa çempionatının ilk yarımfinal görüşü başlayıb.
Modern.az xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən oyunda Azərbaycan milli komandası finala vəsiqə uğrunda Niderland millisi ilə qarşılaşıb.
Təşkil olunmuş qarşılaşmanın ilk setini Azərbaycan millisi komandası üstün başa vurublar. Lakin sonrakı iki setdə Hollandiya qələbə qazanıb. Dördüncü setdə Azərbaycan millisi yüksək əzmkarlıq hesabına setlərdə qələbə nisbətini bərabərləşdirib.
"Tay-breyk"də isə yenə Hollandiya üstün olaraq, qələbəyə nail olub - 3:2. Bununla da "narıncılar" ardıcıl ikinci dəfə Avropa çempionatının finalına yüksəliblər. Azərbaycan isə 12 ildən sonra yenə yarımfinalda uduzub. Amma Faiq Qarayevin baş məşqçi olduğu komandanın tarixində ilk dəfə çempionatı bürünc medalla başa vurma şansı qalır. Bunun üçün Türkiyə və Serbiya yığmaları arasında keçiriləcək digər yarımfinal görüşündən məğlub ayrılacaq komandanı oktyabrın 1-də 3-cü yer uğrunda görüşdə yenmək lazımdır.