Azərbaycan Gənclər Film Festivalı 2017-ci il üçün geri dönür. Artıq 4-cü dəfə keçiriləcək bu festival Azərbaycanda 25 yaşdan yuxarı gənclərə öz çəkdiyi filmləri böyük ekranlarda nümayiş etdirmək və hədiyyə qazanmaq imkanı verir.
Qeyd edək ki, festival ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə baş tutur.
“Bu gün 3 film nümayiş olunacaq – bu qaçqınlar və qaçqınların həyatı ilə bağlıdır. Növbəti 3 gün ərzində azərbaycanlı gənc rejissorların çəkdikləri filmlər nümayiş olunacaq. Məqsədimiz ondan ibarətdir ki, biz ölkələr olaraq bir yerdə işləyək. Və bu işdə kinomatoqrafiyanın bizə necə kömək olacağı haqqında düşünürük. Amerika Birləşmiş Ştatları belə layihələrin həyata keçirilməsindən qürur duyur”.
Bunu isə ABŞ səfirliyinin Mədəniyyət məsələləri üzrə attaşesi Haydi Smit jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, festivalın 4-cü ilində gənc təcrübəli film çəkənlərə də iştirak üçün geniş yer ayrılır.
Əsası 2012-ci ildə qoyulan bu festivalın əsas məqsədi gəncləri film çəkməyin və montajın baza prinsiplərini öyrəndirməyə həvəsləndirməkdir. Həmçinin Azərbaycanın böyüyən film sfearasını daha da inkişaf etdirməkdir.
Filmlər 2015-ci ildən sonra çəkilməli və 9 dəqiqədən qısa olmalıdır. Qısametrajlı filmlər 3 kateqoriya üzrə bölünür: qısametrajlı film (istənilən janrda), sənədli qısametrajlı film və musiqi videosu (klip).
Hər 3 kateqpriyadan 3 qalib seçiləcək və festivalın sonunda onlara hədiyyələr təqdim olunacaq. Professional olanlar sırasından da eyni ilə hər 3 kateqoriyadan 3 qalib seçiləcək və onlara hədiyyələr veriləcək. Nəticədə professionallar və həvəskarlar sırasından hərəsindən 9 qalib seçiləcək.
Bakıda keçirilən filmlərin nümayişi 1-3 oktyabr tarixində olacaq.
Aqşin Kərimov