Sentyabrın 28-də başlayan V Bakı Beynəlxalq Kitab Sərgi Yarmarkası başa çatıb. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən sərgi Bakı İdman Sarayında reallaşıb. Sərgidə 100-dən çox yerli, 30-dan artıq xarici nəşriyyat, kitab evi və digər təşkilatların iştirak edib.
Artıq ənənə halını alan kitab sərgisi çərçivəsində dünyanın müxtəlif nəşriyyat-poliqrafiya müəssisələrinin çap işləri nümayiş olunur, tanınmış şair-yazıçılarla görüşlər, çoxsaylı təqdimatlar və digər tədbirlər keçirilir.
Maraqlıdır, bu cür tədbirlər Azərbaycan oxuyucularına nə verə bilər?
Yazıçılar Birliyinin gənclərlə üş üzrə katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Modern.az-a açıqlamasında bildirib ki, bu tədbir Azərbaycan hökumətinin kitaba, mütaliəyə münasibətinin göstəricisidir:
“Bildiyiniz kimi 28-30 sentyabrda V Beynəlxalq Kitab Sərgi Yarmarkası keçirildi. Xoşbəxtlikdən bundan əvvəlki kitab sərgi yarmarkalarının demək olar ki, hamısında iştirak etmişəm. Hesab edirəm ki, bu, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin kitabın təbliği, mütaliə vərdişini bərpa etmək istiqamətində böyük uğurudur. Keçirilən hər bir kitab sərgisində müxtəlif ölkələrdən beynəlxalq qonaqlar gəlir. Bu cür tədbirlər Azərbaycanda kitaba marağın artmasının bariz nümunəsidir.
Bu kitab sərgisində də xüsusilə imza günlərini, nəşriyyatların fəaliyyətini vurğulamaq lazımdır. Məsələn, “Qanun” nəşriyyatı, “Hədəf” yayınları, “Xan” nəşriyyatı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) kitab layihəsindən olan kitablarn nəşrləri böyük maraqla qarşılandı və stendlərin qarşısı oxucularla dolu idi. Eyni zamanda sərgidə Türkiyə də zəngin təmsil olunmuşdu”.
R.Məcid qeyd edib ki, bu cür tədbirlər uğurlu ideyanın nəticəsidir:
“V Beynəlxalq Kitab Sərgi Yarmarkasında imza günləri möhtəşəm keçdi. Məsələn, Ramiz Rövşənin imza günü qələbəlik idi. Eləcə də digər gənc yazarlarla görüş kifayət qədər maraq doğurmuşdu.
Demək olar ki, bu günlərdə kitab bayramı oldu. Aşura mərasimlərinin, dini ayinlərin həyata keçirildiyi ərəfədə azərbaycanlı gənclərin, tələbələrin kitab sərgi yarmarkasına axını müsbət addımdır. Bu da Azərbaycan hökumətinin kitaba, mütaliəyə verdiyi dəyərin göstəricisidir. Bu səbəbdən bütün təşkilatçıları təbrik edirəm. Bu cür tədbirlər çox uğurlu ideyanın nəticəsidir və bundan sonra da davam etməsini arzulayıram”.