Respublikaçı Alternativ Hərəkatının (REAL) bu ilin oktyabrın 29-da da təşkilatın partiyaya çevrilməsi üçün I təsis qurultayını keçirəcək.
Maraqlıdır, REAL qurultaya Azərbaycanın önəmli siyasi təşkilatlarını dəvət edəcəkmi?
REAL-ın icraçı katibi Natiq Cəfərli Modern.az-a açıqlamasında bildirib ki, qurultayın keçirələcəyi yer məlum olmadığı üçün hələki dəvətnamələrin paylanmasından söz gedə bilməz:
“REAL Hərəkatı qurultay keçirməyə yer ayrılmasından ötrü əlaqədar qurumlara müraciət edib.
Biz Bakı Şəhər İcra Hakimiyyətinə müraciətdə 3 məkan təklif etmişik. Təşəbbüs qrupunun müraciətində dövlət qurumlarından xahiş edilir ki, 3 məkandan biri – Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayı, Təbriz Kinoteatrı və ya Bakı Kinoteatrı qurultaydan ötrü bir günlüyə hərəkatın istifadəsinə ayrılsın.
Verdiyimiz təkliflərdən birinə razılıq olmalıdır ki, dəvətnamə göndərə bilək.
Bu problem həll olduqdan sonra təbii ki, Azərbaycanın siyasi səhnəsində olan bütün ciddi təşkilatlara və media qurumlarına dəvət göndəriləcək”.
N.Cəfərli qeyd edib ki, qurultaya xaricdən xüsusi qonaqların dəvət olunması gözlənilmir:
“Eyni zamanda Azərbaycanda fəaliyyət göstərən ölkələrin nümayəndəliklərinə və səfirliklərinə dəvətnamə göndəriləcək. Çox güman ki, onlar da tədbirdə iştirak edəcəklər. Lakin xaricdən xüsusi qonaqların dəvət olunması haqqında düşünmürük”.