Ağstafa rayon sakini 1 oktyabr tarixində Qazaxın Cümə məscidində Aşura mərasiminə qatılarkən polis təzyiqi ilə üzləşib.
Məsələ ilə bağlı Modern.az-a danışan şikayətçi Kənan Aşırov, heç bir səbəb olmadan polisin onları məsciddən çıxardığını deyib.
“Əlimdə heç bir bayraq yox idi, dövlət əleyhinə olan heç nə yox idi, sadəcə başıma qara lent bağlamışdım. Belə bir vəziyyətdə daxil oldum Qazax rayon Cümə məscidinə. Orada mənə humanist bir baş leytenant yaxınlaşdı. Dedi ki, başqa rayondan gəldiyinizə görə adınızı qeydiyyata salmalıyam. Artıq heç nə demədi. Üzərindən 5-10 dəqiqə keçəndən sonra rəis köməkçisinin məni çağırdığını dedi. Mən yaxışlaşanda həmin rəis müavini mənə “ə, başındakını aç” dedi, mən də cavabında “ə yox, vətəndaş” söylədim. O vəzifə səlahiyyətlərindən istifadə edib “səni içəri salaram, başına oyun açaram” dedi.
Sonra rəis rəis müavini polis əməkdaşlarına dedi ki, bunu tutun, basın maşına. Onun sözündən sonra biz başımızı açdıq. Amma sonradan fikrini dəyişib, bizi yol polisinin müşayiəti ilə Qazax rayonundan çıxardılar. Bizim Qazaxda olduğumuz müddətdə heç bir mərasim başlamamışdı, heç bir şüar deməmişdik. Qanunazidd bir addım atmadığım halda məni məsciddən, hətta Qazaxdan çıxardılar. Məndən başqa, Hacı Ayxan Musayev var idi, onu da çıxardılar. Bizimlə Ağstafadan getmiş 2 nəfər məsciddə qaldı. Onlar məsciddə mərsiyə demək üçün dəvət olunmuşdu. Qazaxdan gələndən sonra Ağstafada qara köynək də geyindik, başımızı da bağladıq, heç kim bizə irad bildirmədi”.