Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Ədalət Nəsibov bir neçə həftə öncə 78 yaşında dünyasını dəyişdi.
El sənətkarı vəsiyyətinə uyğun olaraq, ata-baba yurdu Qazaxda dəfn olundu.
Qeyd edək ki, “Ruhani”, “Yanıq Kərəm”, ”Qaraçı”, “Naxçıvani”, “Ürfani”, “Divani” və s. kimi xeyli sayda saz havalarının möhtəşəm ifaçısı olan Aşıq Ədalət nəinki Azərbaycanda, eləcə də bütün türk dünyasında sevilir.
Aşıq Ədalət sağlığında bir çox ölkələrdə Azərbaycanı layiqincə təmsil edən el sənətkarıdır. Ölümündən sonra isə el onu yaşatmaq və irsini təbliğ etmək haqqında düşünməlidir.
Professor Məhərrəm Qasımlının rəhbərlik etdiyi Azərbaycan Aşıqlar Birliyi gələcəkdə ustad aşıqla bağlı bir sıra layihələr həyata keçirəcəklərini bildirib. Qeyd edək ki, Aşıq Ədalət Aşıqlar Birliyinin 1 nömrəli vəsiqəsini daşıyırdı. Birliyin katibi Musa Nəbioğlu bir müddət öncə Modern.az-a açıqlamasında Aşıq Ədalətin xatirəsini yad etmək üçün konkret işləri sadalamasa da, medianın tezliklə bunlardan xəbər tutacağını bildirib.
İran Aşıqlar Birliyini sədri Aşıq Səlcuq Şahbazi gələcəkdə də gələcəkdə ustad aşığın xatirəsini yad edəcəklərini bildirib:
“Aşıq Ədalətin adına bir məclis keçirmək qərarındayıq. Amma İranda 2 ay Məhərrəm və Səfər aylarında heç bir festival keçirilməz. Məcburən, 2 aydan sonraya qaldı. 2 aydan sonra İran Aşıqlar Birliyi bir sazlı-sözlü məclis təşkil edəcək. Əgər Azərbaycandakı bəzi insanlar imkan versələr. Onlardan biri də Aşıqlar Birliyinin sədri və katibidir”.
N.Nihad