“İctimai Televiziya və TRT Avaz ortaq yayıma yay mösümündən sonra davam edəcək”.
Bu barədə Modern.az saytına İTV-nin mətbuat xidmətinin rəhbəri Tahir Məmmədov məlumat verib. Onun sözlərinə görə, İTV və TRT Avaz televiziyalarının efirində ortaq yayımlanan səhər verilişi yay mövsümündə efirə yayımlanmayacaq. Veriliş ortaq yayımına payız mövsümündə yenidən start verəcək. “Ortaq yayım sentyabr və ya oktyabr ayında yenidən əhatə etdiyi müxtəlif mövzularla, yeni əhval-ruhiyədə tamaşacıların ixtiyarına veriləcək”.
T.Məmmədov bildirib ki, məzuniyyətə yalnız İTV və TRT Avaz-ın efirindən hər gün səhər saatlarında yayımlanan “Yeni gün” verilişi çıxıb. Telekanallar arasında olan digər ortaq layihələr isə davam edir.
“Məzuniyyətə yalnız səhər yayımlanan veriliş çıxıb. İzləyən bilir ki, kanalların digər ortaq layihələri davam edir”.
İTV sözcüsü qeyd edib ki, bu müddət ərzində İctimai Televiziya və TRT-nin ortaq yayımında türkdilli xalqların ortaq mədəniyyətinin təbliği ilə bağlı xeyli sayda işlər görülüb:
“Türkdilli xalqların ortaq televiziyasının yaradılması ideyası çoxdan mövcud idi. İctimai Televiziya ilk dəfə TRT qurumuna müraciət etdi və belə bir yayım gerçəkləşdi. Bu yayımın türkdilli xalqların ortaq mədəniyyətlərinin tanıdılması, xalqların bir-birinə tanıdılması istiqamətində xeyli işlər görülüb”.
T.Məmmədovun sözlərinə görə, ortaq yayıma qoşulan ölkələrin sayı yaxın gələcəkdə arta bilər.
“İlk olaraq Türkiyə ilə ortaq yayım gərcəkləşdi. Daha sonra bu yayıma Orta Asiya ölkələri - Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstan qoşuldu. Həftənin 3-cü günləri İctimai Televiziyanın efirində ortaq pəncərələrə bu ölkələr də qoşulur. Yaxın gələcəkdə bunların sayı arta bilər”.
Sədaqət SÜLEYMANOVA