Bu gün Təhsil Nazirliyində hüquq-mühafizə orqanlarının keçirdiyi operativ əməliyyatla bağlı nazirliyin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə “Yeni Müsavat”a eksklüziv açıqlama verib.
B.Hüseynzadə deyib ki, bu araşdırmalar Təhsil Nazirliyinin təşəbbüsü ilə aparılıb: “Təxminən bir ay öncə Təhsil Nazirliyi Respublika Prokurorluğuna müraciət etmişdi ki, Rafiq Hüseynov adlı bir nəfər şəxs təhsil sistemində müxtəlif vəzifəli şəxslərin imzalarını saxtalaşdıraraq, müxtəlif ali məktəblərin rektorları adından nazirliyə saxta məktublar, digər sənədlər göndərir. Bunun araşdırılması üçün biz mayın 7-də Respublika Prokurorluğuna müraciət etmişdik. Bizdə olan məlumata görə, həmin şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onların araşdırması zamanı bu gün şübhəli şəxs qismində Təhsil Nazirliyinin iqtisadiyyat şöbəsinin müdir müavini Orxan Kərimovu da saxlayıblar. Ancaq hələlik araşdırma gedir, onun bu işlərdə nə dərəcədə rolu olub-olmaması barədə biz heç bir məlumat verə bilmirik”.