Bakı şəhərində taksi xidmətinin keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə Avropa standartlarına cavab verən müasir avtomobillərin növbəti hissəsi paytaxta gətirilib.
İyunun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni avtomobillərə baxış keçirib.
Taksi minik avtomobilləri ilə sərnişin daşımalarında qanunvericiliyin tələblərinə ciddi riayət olunması, bu sahədə pərakəndəliyin aradan qaldırılması və ümumilikdə, taksi xidmətinin müasir standartlar səviyyəsində təşkilinin təmin olunması zərurəti yarandığı üçün şəhərin taksi parkının yeniləşdirilməsinə başlanılıb.
Nəqliyyat naziri Ziya Məmmədov avtomobillər barədə dövlət başçısına məlumat verin. Qeyd edib ki, paytaxt əhalisinə və Bakının qonaqlarına yüksək səviyyədə taksi xidmətinin göstərilməsi məqsədi ilə “Bakı Taksi” MMC və London Taksi Şirkəti arasında nümayəndəlik müqaviləsi və 1000 ədəd TX4 markalı (London Taksi) taksi minik avtomobilinin alınmasına dair kontrakt imzalanıb. Artıq Bakı şəhərinə 100 ədəd taksi gətirilib. İlin sonunadək daha 900 ədəd taksinin paytaxta gətirilməsi gözlənilir.
Bu modellər yalnız taksi məqsədləri üçün istehsal edilmiş avtomobildir. TX4 Avro 4 standartlarına cavab verir, 2500 kubsantimetr həcmində dizel mühərriki ilə, 5 pilləli mexaniki sürət qutusu və hidravlik sükanla təchiz olunub. Bu avtomobillərin manevr imkanları yüksəkdir. Avtomobilin sürücü hissəsinin sərnişin hissəsindən şəffaf şüşə ilə ayrılması sərnişinlərin rahatlığını və təhlükəsizliyini təmin edir. Arxa hissədə nəzərdə tutulmuş üzbəüz 5 oturacaq sərnişinlərə gediş zamanı rahat söhbət etməyə şərait yaradır. Avtomobil sərnişinlərə onlara aid olan hissədən avtomobildə quraşdırılmış hər iki kondisionerlərdən birini idarə etməyə, sürücü ilə danışığı asanlaşdıran sistemdən istifadə etməyə və salonun işığını yandırıb-söndürməyə imkan verir. Buradan sərnişinlər avtomatik şüşə qaldırıcılardan da istifadə edə bilərlər. Bundan əlavə, avtomobil əlil və uşaq arabalarının salona daxil olması üçün xüsusi pandusla təchiz edilib. Həmin pandus əlil və uşaq arabasının salona rahat girməsi və oturacaqlardan birinin çölə çıxıb, əlil sərnişin əyləşdikdən sonra salonun içərisinə qayıtma imkanından istifadəsinə də imkan yaradır. Bir sözlə, bu avtomobil Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 2010-cu il 6 dekabr tarixli əmri ilə təsdiq edilmiş “Sərnişin stansiya qurğuları və avtomobilləri” AZS 425-2010 dövlət standartının tələblərinə tam cavab verir.
Taksilərdə sayğac quraşdırılıb. Sərnişin sayğacın göstəricisinə görə sürücü ilə hesablaşacaq, bununla da sərnişinlə sürücü arasında narazılıqlar aradan qalxacaqr. Bakı şəhərində istismar olunacaq taksilərin sürücüləri tibbi müayinədən və xüsusi psixoloji testlərdən keçiblər. Onlarla xüsusi proqram üzrə təlim keçirilib. Etik qayda və normalar, şəhər küçələrinin tanınması, yol hərəkəti qaydaları, avtomobilə dair texniki və digər zəruri bilgilər sürücülərə tədris olunub. Taksi sürücüləri üçün, həmçinin vahid geyim forması müəyyən edilib. Hazırda Bakı şəhərində 816 avtomobil tutumu olan 61 taksi dayanacağı pasportlaşdırılıb və dayanacaqların xəritəsi tərtib edilib. Gələcəkdə dayanacaqların sayının tələbata uyğun olaraq artırılması nəzərdə tutulur. Gətirilmiş 100 taksi şəhərin 11 dayanacağı üzrə bölüşdürüləcək. Qeyd edək ki, hər bir taksi dayanacağının yaradılması Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Qanuna müvafiq olaraq hər bir taksi dayanacağı Nəqliyyat Nazirliyi ilə yerli şəhər və rayon icra hakimiyyəti orqanları və Bakı Şəhər Yol Polisi İdarəsinin müvafiq şöbələrinin birgə razılığı əsasında yaradılır.
Prezident İlham Əliyev yeni gətirilmiş avtomobillərin salonlarının rahatlığı ilə də tanış oldu. Dövlətimizin başçısı avtomobillərdən birinin sükanı arxasında əyləşib avtomobili idarə edib.
Paytaxta gətirilmiş yeni avtomobillərlə yaxından tanış olan Prezident İlham Əliyev Bakı şəhərinin və bölgələrin taksi parkının müasirləşdirilməsi istiqamətində işlərin daha da sürətlə aparılması ilə bağlı müvafiq tapşırıqlarını verib.
|
|
|
|
|
|