Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 4-də Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşüb. Prezident görüşdə, “Avropa Şurasını tərk etsək, həyatımızda heç nə dəyişməyəcək” deyib.
Məsələ ilə bağlı Modern.az-a danışan politoloq, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, görüşdə Dağlıq Qarabağ ən çox müzakirə olunan mövzulardan idi.
“Çünki bu problemin həll olunmaması birbaşa Avropanın da təhlükəsizlik maraqlarına toxunur. Bu görüşdə İlham Əliyevin sözlərindən aydın oldu ki, Ermənistan danışıqlardan yayınır. İrəvan ötən ilin aprel savaşından sonra da eyni taktikaya üstünlük verdi. İddia etdilər ki, atəşkəsi guya Azərbaycan pozub və belə vəziyyətdə Ermənistan hakimiyyəti danışıqlarda iştirak etməyəcək. Ancaq üstündən bir neçə gün sonra yenidən danışıqlara qatıdılar. Çünki Moskvadan əmr aldılar və bu əmrə tabe olmaqdan başqa alternativləri yox idi.
Elə indi də, əgər Moskvadan yenə əmr alsalar, başlarını aşağı salıb danışıqlara qatılacaqlar. İlham Əliyev avropalı qonaqların diqqətinə onu çatdırmaq istəyirdi ki, danışıqlara qatılmamaq, status-kvonun uzanması yenidən bölgədə toqquşma ehtimalını artıracaq. Prezidentin Dağlıq Qarabağ ətrafındakı 7 rayonun işğal altında saxlaması faktını xatırlaması isə o demək idi ki, erməni separatçıları bu rayonlardan şantaj predmeti kimi istifadə etdikcə vəziyyət normallaşmayacaq. İlham Əliyevin Avropaya mesajı bu şəkildə idi: Avropa Azərbaycanın işğalına seyrçi qaldıqca və Ermənistan hakimiyyətinə təsitretmədikcə müharibə ehtimalı azalmayacaq”.
Politoloq bildirib ki, İlham Əliyev Qarabağdan danışarkən avropalı qonaqlara Şimali İraq və Kataloniyadakı referendumları da xatırlatdı. Və bununla demək istədi ki, xalqların öz müqədərratını təyin etmək hüququ ərazi bütövlüyü prinsipinə zidd olmamalıdır.
“Helsinki Yekun aktı da məhz bu yanaşmanı diqtə edir. Şimali İraq və Kataloniyadakı referendumlar fərqli iki bölgədə gərginliyə səbəb olub. Şimali İraqdakı referendum bölgədə hər an toqquşma ehtimalını artırıb. Türkiyə, İran və İraq Kürdüstan dövlətinin yaradılmasının əleyhinədirlər, bunun bölgə üçün dağıdıcı olacağını vurğulayırlar. Eləcə də Kataloniyadakı referendum İspaniyanın ərazi bütövlüyünü şübhə altına alınmasına yönəlib. Aydındır ki, Bağdad kimi Madrid də ərazisinin itirilməsi ilə razılaşmayacaq, separatçılara müqavimət göstərəcək.
Avropa bu iki referenduma qiymət verməkdə çətinlik çəkir. Doğrudur, Avropa İttifaqı həm İraqın, həm də üzvü olduğu İspaniyanın ərazi bütövlüyünü dəstəkləyir, ancaq separatizmə qiymət verməkdə də çətinlik çəkir. Belə davam etdikcə Avropanın özündə bölünmə prosesi sürətlənəcək. İlham Əliyev avropalı qonaqların diqqətinə onu çatdırmaq istəyirdi ki, Brüssel bu məsələlərdə çaşbaş qalınca vəziyyəti Avropa İttifaqının zərərinə inkişaf edəcək. Separatçılıq hər yerdə pislənilməlidir”.
E. Şahinoğlunun sözlərinə görə, Azərbaycanla Avropa Şurası arasında olan problemlər dialoq yolu ilə həll olunmalıdır.
“Rusiya və işğalçı Ermənistan Azərbaycanın Avropadan uzaqlaşmasından öz məqsədləri üçün istifadə edə bilərlər. Ona görə də nə Moskvaya, nə də İrəvana belə bir fürsəti vermək olar. Bu mənada Azərbaycan prezidentinin ötən dəfəkindən fərqli olaraq bu dəfə Avropa İttifaqının Şərq Tərəfdaşlıq Proqramının zirvə toplantısına qatılmaq qərarı doğrudur”.