Birləşmiş Millətlər Təşkilatının İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasnın Fakültativ Protokoluna uyğun olaraq yaradılmış Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin qadınlar üçün 4 saylı cəzaçəkmə müəssisəsinə (CÇM) uzunmüddətli, üç günlük başçəkmə həyata keçiriblər.
Modern.az Ombudsman aparatının mətbuat xidmətinə istinadən bildiri ki, başçəkmədə MPM qrupunun üzvü olan hüquqşünas və psixoloq iştirak ediblər.
Başçəkmə zamanı CÇM-nin rəisi və müəssisənin əməkdaşları tərəfindən MPM qrupu üzvlərinin monitorinq aparması üçün lazımi şərait yaradılıb.
"Fakültativ Protokolun tələblərinə uyğun olaraq müəssisənin bütün obyektlərinə, o cümlədən müəssisənin yataqxanasına, cərimə təcridxanasına, karantin zonasına, görüş yerlərinə, sanitar-tibb hissəsinə, ərzaq anbarına və mətbəxə, yeməkxanaya, dini ibadət otağına, məhkum qadınların asudə vaxtlarını keçirdiyi yerlərə və digər obyektlərə baxış keçirilib. Əvvəlki başçəkmələrlə müqayisədə CÇM-də xeyli müsbət dəyişikliklər müşahidə edilib. Eyni zamanda qeyd olunmalıdır ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə yeni rəisin və müəssisəyə yeni rəhbərin təyin olunmasından sonra qısa müddətdə məhkumların vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində bir sıra işlər görülmüşdür, bu da onlar tərəfindən müsbət qarşılanır"-deyə Ombudsman aparatından bildirilib.
Burada cəza çəkən 55 qadın məhkum təkbətək söhbət zamanı saxlanma şəraitindən və müəssisə əməkdaşlarının onlarla rəftarından şikayətlərinin olmadığını bildirib. Bir sıra məhkumların müraciətləri və qaldırdıqları məsələlər yerində həll edilib.
Məhkum qadınların bəziləri övladlarının onlarla görüşə gəlmədiyindən narazılıq ediblər.
Eyni zamanda məlum olub ki, qadınlar üçün artıq yeni cəzaçəkmə müəssisəsi binası tikilir və yaxın gələcəkdə bu müəssisə həmin binaya köçürüləcək.
Saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib.
Modern.az