Vüqar Bayramov Vergi Məcəlləsinə yeni dəyişikliklər təklif edir
Vergilər Nazirliyinin təklifi ilə Milli Məclis “Vergi Məcəlləsinə” əlavə və dəyişikliklərin edilməsi ilə bağlı layihəni muzakirəyə çıxarıb. “Vergi Məcəlləsinə” ediləcək son dəyişikliklərə münasibət bildirən İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov hesab edir ki, sənədin hər zaman təkmilləşdirilməsi vacibdir: “Biznesin vəziyyəti və eləcə də imkanları dəyişir və bu dəyişikliklərə uyğun vergi məcəlləsinə mütəmadi baxılması müsbət haldır. Bununla yanaşı, məcəllənin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində addımların atılması da vacibdir”.
İqtisadçı alimin sözlərinə görə, hazırda əksər Avropa və MDB ölkələrində “QHT və Mətbuat vergisi” tətbiq edilir: “Mənfəət vergisinin bir hissəsi vətəndaş cəmiyyəti subyektlərinə ödənilməsi şəklində həyata keçirilir. Mənfəət vergisi ödəyən şirkət verginin müəyyən hissəni istədiyi vətəndaş cəmiyyəti institutunun hesabına köçürür. Məsələn, Polşada mənfəət vergisi 19 faizdir. Qanunvericilik mənfəət vergisi subyekti olan şirkətlərə hesabladığı mənfəət vergisini inandığı vətəndaş cəmiyyəti subyektinin hesabına köçürsün. Bu zaman mənfəət vergisinin 17 faizi dövlət büdcəsinə, 2 faizi isə birbaşa vətəndaş cəmiyyətinin institutunun hesabına köçürülür”.
V.Bayramov bildirir ki, əksər ölkələrdə tətbiq edilən bu sistemin vergi məcəlləsində nəzərə alınması vacibdir: “Azərbaycanda bu vergi dərəcəsinin əksər Mərkəzi və Şərqi Avropa ölkələrində olduğu kimi 2 faiz olması daha məqsədə uyğundur. Bu həm QHT-lərin, həm də mətbuatın inkişafını stimullaşdıra bilər. 2011-ci ilin dövlət büdcəsinin gəlirlərində mənfəət vergisinin payı 7 faizdən azdır. Cari ildə mənfəət vergisi formasında dövlət büdcəsinə 1milyard 210 milyon manatın ödənilməsi nəzərdə tutulur. “QHT və Mətbuat vergisinin” tətbiqi vətəndaş cəmiyyəti sektoruna 24 milyon manatın yönəldilməsinə səbəb ola bilər. Nəticədə həm QHT-lərin, həm də mətbuatın inkişafı stimullaşar. Yeri gəlmişkən göstərilən rəqəm dövlət büdcəsinin heç 0,1 faizini təşkil etmədiyindən büdcədə hər hansı ağırlıq yarada bilməz. Büdcəyə hər hansı problem yaratmamaqla vətəndaş cəmiyyəti sektorunun ikişafının stimullaşdırılmasına nail olmaq mümkündür”.
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətini müsbət qiymətləndirən iqtisadçı alim deyib ki, bu qurumlarının büdcələrinin az olması vətəndaş cəmiyyəti sektoruna vergi ödəyicilərinin yardımını daha da aktullaşdırıb: “Məsələn, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının illik büdcəsi təxminən 2,5 milyon manatdır. Ölkədə isə 2,5 min QHT qeydiyyatdan keçib.Hər QHT-yə bu istiqamətlə il ərzində orta hesabla 1000 manat yardım etmək mümkündür. Hətta qeydiyyatdan keçmiş QHT-lərin əksəriyyətinin aktiv olmadığını da nəzərə alsaq belə hər bir institut üzrə bu mənbədən ayrılan vəsaitlər 6 min manatdan çox deyil. O baxımdan, başqa maliyyə mənbələrindən də istifadə olduqca vacibdir”.
V. Bayramov bildirib ki, bu vergi QHT-lər və mətbuat institutları arasında rəqabətin də güclənməsinə səbəb ola bilər: “Çünki, şirkətlər daha aktiv vətəndaş cəmiyyəti institutlarına yardım edirlər. Nəticədə sektorda həm rəqabət, həm də şəffaflıq güclənir”.
Şirkətlərin bu və ya digər formada özlərinə yaxın olan vətəndaş cəmiyyəti institutlarına vergi ödəməsi riskinə diqqət ayıran iqtisadçı alim bildirib ki, qanunla belə hallar qadağan edilir: “Vergi ödəyicisi ilə vəsaiti alan QHT və ya mediya institutu arasında hər hansı əlaqə aşkarlanarsa o zaman ciddi maliyyə sanksiyaları tətbiq edilir”.
Mütəxəssis məcəlləyə dəyişikliklərlə yanaşı “Sosial sifarışlər haqqında” qanunun da qəbul edilməsini vacib hesab edir.
Modern.az