Modern.az

Deputatlar Azərbaycan həqiqətlərini beynəlxalq aləmə necə çatdırırlar...  

Deputatlar Azərbaycan həqiqətlərini beynəlxalq aləmə necə çatdırırlar...   

7 Oktyabr 2017, 14:12

Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Milli Məclis üzvlərinin beynəlxalq fəaliyyəti önəmli rol oynayır. 

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qrupları və beynəlxalq təşkilatlarda təmsil olunan nümayəndə heyətləri bu istiqamətdə hansı addımlar atırlar?

 

Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Kamran Nəbizadə bildirib ki,ATƏT və digər beynəlxalq qurumlarda Dağlıq Qarabağ məsələsinin qaldırılması çox böyük əhəmiyyət daşıyır. 

“Azərbaycanla bağlı reallıqları ATƏT-ə üzv olan ölkələrin nümayəndələrinin diqqətinə çatdırmaqda nümayəndə heyətinin rolu çox böyükdür. Bizim üçün ən prioritet məsələ olan Dağlıq Qarabağ problemi nəinki ATƏT PA-da, digər həmkarlarımız tərəfindən müxtəlif qurumlarda qaldırılır. Ermənistanın işğalçı dövlət olmasının dünyaya çatdırılmasında deputatlarımızın rolu böyükdür. Həmçinin, həmin iclaslar zamanı erməni parlamentarilərin təxribat xarakterli çıxışlarına layiqincə cavab verilir. Onların əsl üzləri açılıb, ortaya qoyulur. Bizim son iclasımızda da bu hal baş verdi. Nümayəndə heyətimizin cavabı sayəsində digər ölkələrdən olan parlamentarilər ermənilərin riyakarlığını gördü. Düşünürəm ki, Milli Məclisin deputatları Azərbaycan reallıqlarının dünyaya çatdırılmasında mühüm rol oynayır və bu istiqamətdə daha çox işlər görəcək”.
 

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva deyib ki,Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ölkəmiz üçün əsas problem olaraq qalır. 

“Ermənistan tərəfindən torpaqlarımızın 20 faizi işğal olunub və bunun nəticəsində 1 milyondan artıq vətəndaşımız öz doğma yurdlarından qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ona görə də, Azərbaycan dövlətinin siyasətinin əsasında ölkəmizin ərazi bütövlüyünün təmin olunması dayanır. Prezident İlham Əliyevin siyasətinin mahiyyətində də məhz bu faktor dayanır. Azərbaycan dövləti həyata keçirdiyi xarici siyasətdə torpaqlarımızın işğaldan azad olunması, münaqişənin həlli istiqamətində fəal siyasət həyata keçirir. Həm beynəlxalq təşkilatlar çərçivəsindəki fəaliyyətdə, həm də ayrı-ayrı dövlətlərlə ikitərəfli münasibətlər konteksində Azərbaycan Ermənistanın işğalçılıq siyasətinə son qoyulması yönündə mühüm diplomatik addımlar atır. Məsələyə dünya təşkilatlarının münasibətinə gəlincə, reallıqlar göz önündədir. Beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyü tanınır, münaqişənin sülh yolu ilə həllinin zəruriliyi vurğulanır.
Amma təəssüflər olsun ki, həmin qərarlar icra olunmur. İşğalçı Ermənistan öz adı ilə, yəni işğalçı kimi tanınmır və tərəflər barışığa çağırılır. Azərbaycan dövləti isə bu məsələdə öz prinsipial mövqeyini dəfələrlə bəyan edib ki, torpaqlarımızın işğalı ilə heç zaman barışmayacağıq. Azərbaycan problemin sülh yolu ilə, ədalətli həllinin tərəfdarıdır. Bu problemin həlli üçün dünya dövlətləri, beynəlxalq təşkilatlar fəal olmalıdırlar. İşğalçı Ermənistana qarşı beynəlxalq hüquq çərçivəsində addımlar atmalıdırlar”. 

 

Azərbaycan-Braziliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri,  Azərbaycan-ABŞ, Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə qeyd edib ki, Braziliya parlementində Azərbaycanın ərazi bütövlüyünün tanınması və ərazisinin işğalı ilə bağlı çıxışlar edib. 

“İşçi qrupun Braziliya səfəri olub. Parlament rəhbərliyi ilə müxtəlif görüşlər keçirilib. Azərbaycan parlament diplomasiyası son illərdə öz işini gücləndirib. İşçi qruplarının sayı artıb və onlar Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün iş görür, görüşlər keçirir. Bu istiqamətdə parlament diplomatiyasını gücləndirərək Azərbaycanın mövqeyinin daha da möhkəmlənməsinə çalışırıq. Həmçinin, ABŞ və Avstriya parlamentariləri ilə görüşümüz zamanı da Dağlıq Qarabağla, Xocalı soyqrımı ilə bağlı məsələlər qaldırılır. Düşünürəm ki, deputatlarımız Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında çox böyük işlər görürlər”.

 

Azərbaycan-ABŞ  parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Məlahət İbrahimqızı bildirib  ki, Milli Məclisin beynəlxalq əlaqələr istiqamətində çox böyük nailiyyətləri var. 

“Parlamentlərarası əlaqələrimiz daha da genişlənib. Dünyanın elə bir güşəsi yoxdur ki, orada Azərbaycan deputatları ilə həmin ölkənin parlamentariləri arasında görüşlər, qarşılıqlı səfərlər olmasın. ABŞ-ın bir sıra ştatında Azərbaycan nümayəndə heyətinin iştirakı ilə keçirilən tədbirlər, konfranslar, Xocalı soyqırımını anma mərasimi, həmçinin, həm Bakıda, həm də Vaşinqtonda Azərbaycan-ABŞ əlaqələrinə həsr olunan bir sıra konfranslar keçirilib. 

ABŞ-ın 20-ə yaxın şatatı Xocalı soyqırımını tanıyıb və düşünürəm ki, bu, ən böyük uğurlarımızdan biridir. Cənubi Amerika ölkələri sırasında Xocalı soyqırımını tanıyan ölkələrin sayı artır. Azərbaycan parlament heyətlərinin orada çıxışları zamanı Dağlıq Qarabağ bir nömrəli məsələ kimi öz əksini tapır.

Xüsusilə Avropa Şurası, ATƏT, BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlarda Dağlıq Qarabağ məsələsinin qaldırılması çox böyük əhəmiyyət daşıyır. Azərbaycan haqqında reallıqları Avropa ictimaiyyətinə, avropalı həmkarlarımıza hər zaman deputatlarımız geniş məlumatlar verirlər. Ermənistanın işğalçı bir ölkə olmasını dünyaya sübut edirlər”.

 

Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Aydın Mirzəzadə deyib ki,  bu qrup xətti ilə bir neçə dəfə Tacikistana səfər edib. 

“Tacikistanda olduğum dövrdə parlamentin rəhbəri, rəsmi və ictimaiyyət üzvləri ilə görüşlər keçirmişəm. Həmin görüşlərdə Azərbaycan haqqında, Ermənistanın torpaqlarımızı işğal etməsi ilə bağlı məlumat vermişəm. Eyni zamanda Azərbaycanda müddətini başa vurmuş Tacikistan səfiri ilə görüşlərim olub. Həmin görüşlərdə də Azərbaycan həqiqətləri ilə bağlı məsələlərə toxunmuşam. 

Həmçinin, Tacikistana etdiyimiz səfərlər zamanı, parlamentarilərlə görüşlər zamanı da Ermənistanın torpaqlarımızı işğal etməsi ilə bağlı onlara məlumat vermişəm. Bildiyiniz kimi, mən 8 işçi qrupunun üzvüyəm. Bununla bağlı Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında heç bir ölkə ilə fərq qoymuram. Görüşlərimizin, münasibətlərimizin hər birində Azərbaycanla bağlı obyektiv və dolğun informasiyaların verilməsinə çalışırıq. Həmçinin, ölkələrin parlamentariləri, universitet müəllimləri, tanınmış insanları, keçmiş dövlət xadimləri ilə görüşlərdə də bu məsələnin onların diqqətinə çatdırılmasına nail olmaq istəyirik. Düşünürəm ki, deputatlarımız Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında çox böyük işlər görürlər”. 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu