Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti görüşün 2017-ci ilin sonlarına qədər baş tutacağı gözlənilir. Belə ki, ATƏT-in Minsk qrupunun həmsədrləri oktyabrın 6-da Yerevanda, 7-də isə Bakıda prezidentlərlə görüş keçiriblər. Həmsədrlər görüşlərlə bağlı bəyanat da yayıblar. Bildirilib ki, bu səfərin məqsədi Azərbaycan və Ermənistan prezidentlərinin qarşıdakı görüşünə hazırlıq və onun gündəliyinin hazırlanması olub.
Prezidentlərin gözlənilən görüşü hansı nəticələr verə bilər?
Məsələ ilə bağlı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Modern.az-a açıqlama verib.
Politoloq bildirib ki, Azərbaycan prezidenti neçə dəfələrlə vurğulayıb ki, imitasiya xarakterli görüşlərdə iştirak etməkdə maraqlı deyil.
“Gərək münaqişənin həlli ilə bağlı detallar müəyyən olunsun ki, bu istiqamətdə danışıqlar aparılsın. Bu yaxınlarda xarici işlər nazirlərinin BMT-nin 72-ci sessiyasında görüşləri oldu. Həmin görüşlərdə də nəticə olmadı. ATƏT-in Minsk qrupunun həmsədrləri oktyabrın 6-da Yerevanda, 7-də isə Bakıda görüşlər keçiridilər. Onların əsas məqsədləri prezidentlərin görüşünü təşkil etməkdir. Mən anlamıram ki, prezidentlərin görüşünü təşkil etmək həmsədrlərin üçün niyə böyük məqsəd şəklinə gəlib? Əsas Ermənistana təsir göstərib münaqişənin mərhələli həll planını surətləndirmək lazımdır. Qarabağ ətrafındakı ərazilər boşalmalıdır ki, biz sülh prosesinə daxil ola bilək. Bu olmadan görüşlərin nəticəsi olmayacaq. Görünür ki, bu istiqamətdə də həmsədrlərin böyük istəyi yoxdur. Prezidentlərin görüşü olsa belə, hansısa nəticənin olacağınbı gözləmirəm”.
E.Şahinoğlu deyib ki, Prezident İlham Əliyev BMT-nin 72-ci sessiyasında çıxışında bildirdi ki, “Aprel döyüşləri” hər zaman təkrarlana bilər.
“Bu ona görə təkrarlana bilər ki, danışıqlarda heç bir irəliləyiş yoxdur və Ermənistan bu istiqamətdə heç bir addım atmaq istəmir”.