Modern.az

ABŞ-ın Bakıdakı keçmiş səfiri Kozlariç: “Səfir olanda da belə idi, indi də belədir”

ABŞ-ın Bakıdakı keçmiş səfiri Kozlariç: “Səfir olanda da belə idi, indi də belədir”

7 İyun 2011, 17:58

“Demokratiya heç vaxt mükəmməl olmur. Bizim ölkəmizdə də demokratiya ilə bağlı müəyyən problemlər var. Azərbaycan indi varlı dövlətdir. O şübhəsiz ki, müstəqil dövlətdir - müstəqil siyasət yürüdən bir dövlətdir. Məncə, indi onun Qərb dövlətləri ailəsinin üzvü olmaq üçün çox ciddi işlər görməsinin vaxtıdır”.
Bu sözləri “Azadlıq” radiosuna açıqlamasında ABŞ-ın Azərbaycanda səfiri işləmiş Riçard Kozlariç ölkədə demokratiyanın vəziyyəti ilə bağlı danışarkən deyib. O qeyd edib ki, müstəqil media, müstəqil məhkəmə, siyasi sistemin təkmilləşdirilməsi vacibdir.
“Bunlar 21-ci əsrin modern dövlətinin əsas atributlarıdır. Məncə, Azərbaycan özü də bunu istəyir. Amma bunun üçün müəyyən vacib işlərin görülməsi lazımdır”.

Keçmiş səfir bildirib ki, “Əsrin müqaviləsi”nin imzalanmasının şahidi olandan bəri Azərbaycanın var-dövləti dəfələrlə artıb. “Mən çoxdandır Azərbaycandan qayıtmışam. Neft gəlirlərindən Azərbaycanın bəzi bölgələri digərlərindən daha az faydalanır. Mənim öz ölkəmdə də belədir. Həmin gəlirlər bütün  azərbaycanlıların dolanışığının yaxşılaşdırılması üçün istifadə olunmalıdır. Ümid edirəm ki, belə olacaq”.

Kozlariç Qarabağ münaqişəsinin indiyəcən həll edilməməsinə də münasibətini bildirib.
Keçmiş diplomat qeyd edib ki, xarici vasitəçilərin hər biri münaqişənin həlli üçün imkanı daxilində səylər göstərib. “Minsk qrupu, o cümlədən ABŞ, Rusiya, Fransa, eləcə də Türkiyə bacardığını edir. Sadəcə həm Bakida, həm də Yerevanda rəhbərlər qərar verməlidirlər, konfliktin həlli ilə bağlı siyasi qərar verilsin, yoxsa sülh xəyal olaraq qalsın. Mən səfir kimi çalışanda da belə idi, indi də belədir”-deyə o vurğulayıb.

Qeyd edək ki, Riçard Kozlariç 1994-97-ci illərdə ABŞ-ın Azərbaycanda səfiri olub. O,hazırda  Amerikadakı “George Mason” Universitetində çalışır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular