Mayın 15-16–da Ukraynanın paytaxtı Kiyevdə əlbəyaxa döyüş sənətləri üzrə dünya çempionatı keçirilib. Müxtəlif döyüş növlərini əhatə edən yarışda 50 ölkədən 1000-dən çox idmançı qüvvəsini sınayıb. Ölkəmizi bu çempionatda Azərbaycan Hap Ki Do Federasiyasının məşqçisi Müşfiq Hüseynovun rəhbərlik etdiyi komanda təmsil edib. İdmançılarımızdan Şahin Nağıyev, Salman Şirinov qızıl, Rüfət Abbasov, Mehman Allahverdiyev, Məhəmməd Babayev, Hikmət Xəlilov gümüş, Vüqar Əzimov isə bürünc medal əldə ediblər. Qadın nümayəndələri arasında çıxış edən yeganə təmsilçimiz Günay Əliyeva iki növdə çıxış edərək bürünc medallar qazanıb.
Yarışmada qızıl medal qazanan Salman Şirinov qələbəyə əvvəlcədən inandığını deyir. “Yarışdan 3 ay əvvəl ciddi məşqlərimiz oldu. İnanırdım ki, qalib gələcəm”. S. Şirinov İspaniya, Moldova, Fransa idmançıları ilə döyüşüb və finalda Ukraynalı təmsilçiyə qalib gələrək birinci yeri tutub. İdmançıya diplom və medal təqdim olunub.
Ukraynada keçirilən dünya çempionatının zalında Azərbaycanın iş adamları, tələbələr idmançılarımızı dəstəkləyiblər. “Qalibiyyəti orada yaxşı qeyd elədik. Federasiyanın rəhbərliyinə və bizə dəstək olan hər kəsə təşəkkür edirəm”.
Salman Şirinov hazırda bu ilin oktyabr və ya noyabr aylarında ABŞ-da keçiriləcək dünya çempionatına hazlaşır.
Sevinc