Türkiyə və ABŞ qarşılıqlı şəkildə qeyri-immiqrasiya vizalarının verilməsini dayandırıb. İlk addımı ABŞ ataraq səfirliyinə müraciət edənlərin sayını azaltmaq üçün qeyri-immiqrasiya xidmətlərini dondurmuşdu.
Dərhal cavab addımı atan Türkiyə ABŞ vətəndaşlarına vizaların verilməsini dayandırmışdı. Iki ölkə arasında münaqişə İstanbuldakı ABŞ konsulluğunun əməkdaşının Fətullah Gülənlə əlaqəyə görə saxlanılması olmuşdu.
Bundan əvvəl, partiyasının qrup iclasında çıxış edən prezident Ərdoğan Qərb ölkələrini terror təşkilatlarına dəstək verməkdə ittiham edirdi.
“İŞİD, Əl-Qaidə, PKK – bütün bu terror təşkilatlarının arxasında siz Qərbin izini görə bilərsiniz. Onlar hamısı Qərbdə sığınacaq tapır. Çox ciddi maddi dəstək də alırlar”-deyə Ərdoğan demişdi.
Bu çıxışdan 1 gün əvvəl ABŞ-ın İstanbuldakı konsulluğunda çalışan Mehmet Topuz saxlanılmışdı. Gülənlə əlaqədə təqsirləndirilən Topuzun rəsmi qaydada diplomat kimi qeydə alınmadığı da bildirilir. Onun Türkiyədə mövcud hakimiyyəti devirməyi planlaşdıran siyasi fiqurlar, o cümlədən Fətullah Gülənlə əlaqəsinin olduğu iddia olunur.
Türkiyə XİN-ni mətbuat xidmətinin rəhbəri Hüseyn Müftüoğlu isə Mehmet Topuzun rəsmi qaydada səfirliyin ştatında qeydiyyatda olmadığını açıqlamışdı.
“Biz ABŞ səfirliyinin həbs olunan vətəndaşımızla bağlı açıqlamasını izləmişik. Qeyd edirik ki, terror fəaliyyətində şübhəli bilinən həmin şəxs konsulluğun diplomatik personalına daxil deyil”.
Ankaradakı ABŞ səfirliyi isə ittihamların əsassız olduğunu və ABŞ-Türkiyə münasibətlərinə kölgə saldığını bəyan edib.
Son illər NATO-nun üzvü olan ABŞ və Türkiyə arasında ziddiyyətlər daha çox üzə çıxır. Türkiyənin Vaşinqtonun maraqları ilə hesablaşmdan siyasət yürütməsi, Rusiya ilə sıx münasibətlərdə olması Tramp administrasiyasını narahat edir. Bir neçə gün öncə, Venesuel prezidenti Nikolas Maduro ilə görüşən Ərdoğanın Venesuela liderinə dəstək nümayiş etdirməsi bunun daha bir sübutudur.
Daha əvvəl isə, Suriyada türklərin dəstəklədiyi müxalif qrup amerikalı hərbçilərə atəş açmışdı. Pentaqonun rəsmisi Rayan Dillon Mənbic yaxınlığında baş verən insident zamanı heç kəsin xəsarət almadığı və koalisiya qüvvələrinin Türkiyəyə faktla bağlı xəbərdarlıq etdyini də bildirib.
Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərini alması NATO ölkələrində ciddi narahatlıq doğurmuşdu. NATO Baş katibinin türk müavini Tacem İldem S-400 raketlərinin alınmasına rəğmən, Türkiyə və alyans arasında münasibətlərin pozulmadığını demişdi.