Modern.az

Qənirə Paşayeva Makedoniya türklərinin rəhbərlərilə görüşüb.

Qənirə Paşayeva Makedoniya türklərinin rəhbərlərilə görüşüb.

8 İyun 2011, 10:49


Millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Makedoniyaya səfəri çərçivəsində bu ölkədə fəaliyyət göstərən Türk Demokrat Partiyasını ziyarət edib və partiyanın rəhbəri, millət vəkili Kənan Hasip və partiyanın üzvləri ilə görüşüb. Qeyd edək ki, Kənan Hasipin rəhbərlik etdiyi Türk Demokrat Partiyası iyunun 5-də keçirilən parlament seçkilərində hazırda iqtidarda olan Makedoniya Milli Birlik partiyası (VMRO) ilə koalisiya şəklində seçkilərə qatılmışdı. Parlament seçkilərində da Makedoniya Milli Birlik partiyasının (VMRO) və makedon Türk Demokrat Partiyasının da daxil olduğu koalisiya qalib gəlib.

Qənirə Paşayeva Türk Demokrat Partiyasının rəhbərliyini qazandıqları qələbə və partiyanın rəhbəri Kənan Hasipin yenidən millət vəkili seçilməsi münasibəti ilə təbrik edib və onlara uğurlar arzulayıb.

Millət vəkili partiyanın qərargahında həmçinin Makedoniyanın türk mənşəli dövlət naziri Hadi Nezirlə də görüşüb. Görüş və fikir mübadiləsi zamanı millət vəkili Qənirə Paşayeva onlara Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, minlərlə azərbaycanlını qətlə yetirməsi, soyqırım törətməsi, Xocalı, Qaradağlı, Bağanıs-Ayrım soyqırımları, minlərlə azərbaycanlını əsir və girov götürərək onlara qarşı amansız işgəncələr həyata keçirməsi, bu gün də onlarla Azərbaycan türklərinin Ermənistanda əsir və girov saxlanılması, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, Avropa Şurası Parlament Assambleyasının 1416 saylı qətnaməsinin, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatların Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsini tələb edən qətnamələrinə rəsmi İrəvanın məhəl qoymaması barədə məlumatlar verib. Millət  vəkili təkcə 20-ci əsrin sonunda deyil, 20-ci əsrin əvvəllərində də erməni terror təşkilatlarının, erməni silahlı dəstələrinin dinc azərbaycanlılara, Azərbaycan türklərinə qarşı soyqırımlar törətdiyini onların diqqətinə çatdırıb. Qənirə Paşayeva Ermənistanın bu gün də işğal etdiyi Azərbaycan torpaqlarında qurduqları hərbi mövqelərindən atəşkəs rejimini pozaraq sivil insanları, qadınları, uşaqları snayperlərlə hədəfə alaraq qətlə yetirməsi kimi vandalizm aktlarını da onların diqqətinə çatdırıb.O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün türklər Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarını, erməni yalanlarını və Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin ictimaiyyətinə və beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması üçün səylərini daha da artırmalıdırlar. Millət vəkili Azərbaycan həqiqətlərinin Makedoniya ictimaiyyətinə daha geniş çatdırılması istiqamətində Türk Demokrat Partiyasının öz səylərini daha da artıracağına inandığını da deyib. Qənirə Paşayeva onlara Azərbaycan həqiqətlərinə dair materiallar, kitablar və sənədli filmlər də təqdim edib və onları Azərbaycana dəvət edib.

Azərbaycanı sevdiklərini deyən partiya sədri, millət vəkili Kenan Hasip və dövlət naziri Hadi Nezir böyük məmnuniyyətlə Azərbaycana səfər etmək istədiklərini, həm ölkələri, həm də Azərbaycan türkləri ilə Makedoniya türkləri arasında əlaqələrin və əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində böyük imkanları nəzərə alaraq ikitərəfli səylərin daha da artırılmasının vacibliyini vurğulayıblar. Azərbaycanın sürətlə inkişaf etməsinə sevindiklərini deyən Kenan Hasip və Hadi Nezir deyiblər ki, Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi, iqtisadi əlaqələrin artırılması, eyni zamanda Azərbaycan həqiqətlərinin yayılması istiqamətində öz səylərini bundan sonra daha da artıracaqlar.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular