Modern.az

Jurnalistlər yayda necə istirahət edəcəklər..? (Baş redaktorların cavabı)

Jurnalistlər yayda necə istirahət edəcəklər..? (Baş redaktorların cavabı)

Media

8 İyun 2011, 11:18

Yay insanlar üçün həm də məzuniyyət fəsli kimi xarakterizə olunur. Azərbaycan Əmək Məcəlləsinə görə, hər bir işçinin iş yerinin və vəzifəsinin saxlanılması şərtilə məzuniyyət hüququ var. Dövlət qurumlarında və bir sıra özəl strukturlarda qanunvericiliyin bu tələbinə əməl olunsa da, media sahəsində vəziyyət fərqlidir. Araşdırmalar göstərir ki, əksər jurnalistlər yay mövsümündə məzuniyyətə çıxıb dincələ bilmirlər. Bununla yanaşı, işçilərinin istirahət hüququnu təmin edən redaksiyalar da var. KİV redaksiyalarında işçilərə məzuniyyət necə verilir? Modern.az bu məsələ ilə maraqlanıb.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, onların redaksiyasında yay məzuniyyəti artıq başlayıb: “28 May-Respublika günü ilə əlaqədar biz kollektiv şəkildə ölkəmizin şimal regionuna getdik, orada bayramı birlikdə qeyd etdik. Daxili qrafikə uyğun olaraq işçilər ardıcıllıqla məzuniyyətə çıxacaq”.
Baş redaktor vaxtaşırı kollektivlə bərabər ölkənin gözəl bölgələrinə səfər etdiklərini vurğulayıb: “Bu, həm işgüzarlığı artırır, həm də kollektiv arasında doğma mühit yaradır”.

“Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli keçən ilin avqust ayında redaksiyanın bütün heyətinin məzuniyyətə çıxdığını xatırladıb: “Bu il bununla bağlı hələ bir qərarımız yoxdur. Yəqin ki mətbuat gününü qeyd edəndən sonra yenə də avqust ayında kollektiv məzuniyyətə çıxarıq. Çünki bizim kollektiv elə də böyük deyil ki, fərdi şəkildə məzuniyyətə getsinlər. Amma bununla bağlı hələ tam qərar yoxdur. O haqda müzakirələr getmədiyi üçün konkret fikir də yoxdur”.

“Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz onlarda ildə iki dəfə kollektiv məzuniyyətin olduğunu söyləyib: “Hər il iyulun 22-dən avqustun 1-ə kimi və mart ayında Novruz bayramından sonra işçilər kollektiv məzuniyyətə çıxır. Qəzet və agentlik bu zaman fəaliyyətini dayandırır”.

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə bildirib ki, hər il olduğu kimi, bu il də işçilər razılaşdırılmış şəkildə fərdi məzuniyyətə gedəcək: “Redaksiyanın kollektiv məzuniyyətə getməsi mümkün deyil, çünki qəzet gündəlik olaraq dərc olunur. Kollektiv məzuniyyətlə bağlı dəfələrlə çalışmışıq ki, digər mətbu orqanlarla ortaq məxrəcə gələk, lakin bu alınmadığı üçün işçilər fərdi məzuniyyətə gedəcək”.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı əvvəllər hər il avqust ayında redaksiyanın bir həftəlik məzuniyyətə getdiyini bildirib: “Bundan əlavə, qəzetin əməkdaşları növbəli şəkildə qonararları saxlanmaqla 10 günlük məzuniyyətə gedirlər. Amma bu il redaksiyanın kollektiv şəkildə məzuniyyətə getməsini hələ qərarlaşdırmamışıq”.

“Üç nöqtə” qəzetinin baş redaktoru Xoşqədəm Hidayətqızı isə qeyd edib ki, redaksiya kollektiv şəkildə məzuniyyətə getməyəcək: “Dünyanın harasında görsənib ki, redaklsiya kollektiv məzuniyyətə çıxsın? Ümumiyyətlə, mən bunu prinsipcə də düzgün hesab etmirəm. Hər kəs növbəli şəkildə qanunlara, qaydalara uyğun olaraq məzuniyyətə çıxacaq”.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid qeyd edib ki, redaksiya adətən yay aylarında ara günlərdə qəzetin həcmini azaldır və işçilər də növbəli şəkildə məzuniyyətə çıxırlar: “Yəqin ki, bu il də qəzetin əməkdaşları növbə ilə 2-3 həftəlik məzuniyyətə çıxacaqlar”.

APA-nın baş direktoru Vüsalə Mahirqızı bildirib ki, işçilər Əmək Məcəlləsinə uyğun olaraq məzuniyyətə göndərilirlər: “Normal formada kimin növbəsi çatırsa, o, məzuniyyət pulunu alaraq 24 günlük tətilə çıxır. Əgər kimsə yayda məzuniyyətə çıxmaq istəyirsə, biz çalışırıq onun növbəsi həmin vaxta düşsün, amma bu kütləvi şəkildə olmur”.

“Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı heç zaman qəzet redaksiyasının kollektiv məzuniyyətə çıxmadığını söyləyib: “İşçilər bir-bir müxtəlif vaxtlarda məzuniyyətə çıxır. İşçilər 28 günlük məzuniyyətdən ya birdəfəlik, ya da hissə-hissə istifadə edərək (yay və payızda) məzuniyyətə gedirlər”.

“Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov qəzet redaksiyasının yalnız bayramlarda kollektiv şəkildə hansısa rayona getdiklərini deyib: “Amma bizdə fərdi məzuniyyətlər də olur. İşçilər əsasən iyul, avqust aylarında, bəzən kim istəyirsə, qış aylarında da məzuniyyətə çıxır.  Amma qonşu dövlətlərdə olduğu kimi, bizdə hələ 20 illik fəaliyyət dövründə kütləvi tətilə çıxmaq olmayıb və yəqin bundan sonra da olmayacaq”.

Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi