Rusiya hökuməti hərbi zavodlara Ermənistana daxili qiymətlərlə silah satmaq barədə göstəriş verib
Rusiya hakimiyyəti ölkənin Hərbi Sənayei Kompleksinə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan ölkələrə rus silahının daxili qiymətlərlə satılması barədə göstəriş verib. Modern.az “Voyennıy-promışlennıy kuryer” jurnalına istinadən bildirir ki, bu barədə məlumatı “Rosoboroneksport”un xüsusi tapşırıqlar üzrə direktoru Nikolay Dimidyuk açıqlayıb. Dimidyukun sözlərinə görə, Rusiya heç vaxt KTMT üzvləri ilə belə sıx işləməyib.
“Biz heç vaxt belə sıx işləməmişik. Mən deyə bilərəm ki, Müqavilə üzvləri olan ölkələrə silahların daxili qiymətlərlə satılması barədə göstəriş almışıq. Doğrudur, bu zavodlar üçün hər zaman sərfəli deyil. Zavod bunun üçün kredit götürməlidir. Hazırda bu məsələnin həlli ilə bağlı işçi qrup yaradılıb. Burada silah alacaq ölkələrin üzərinə götürəcəyi təminatlar məsələsi də ciddi müzakirə mövzusudur”-deyə Dimidyuk vurğulayıb.
Qeyd edək ki, Azərbaycanla müharibə vəziyyətində olan Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Rusiya Ermənistanı bu qurumda var gücü ilə dəstəkləyir. Moskvanın düşmən ölkəni silahlandırması barədə faktlar vaxtaşırı KİV-də yer alan mövzulardandır. Bu dəfə də istisna olmayıb.
Bu açıqlamanın fonunda ötən həftə Minskdə təşkil olunan Milex-2011 hərbi sərgisində Ermənistan rus istehsalı olan “Smerç” reaktiv raket qurğuları ilə maraqlanıb və bu sistemi almaq niyyətini açıqlayıb. “Posoboroneksport”un direktoru Dimidyuk bildirib ki, “bu raket sisteminin almaq üçün Ermənistanla maraqlı danışıqlar aparılıb”. Ermənilər həmçinin ordu birləşmələrindəki silahların modernləşdirilməsilə də bağlı təkliflərlə çıxış ediblər.
“Smerç” reaktiv raket qurğusu silahlı qüvvələrdə istifadəyə 1987-ci ildə qəbul edilib. Sistem dünyada hədəfi vurmaq qabiliyyətnə malik ən güclü raket sistemlərindən hesab olunur. Bu qurğudan artıq Rusiya, Ukrayna, Belarus, Peru, Əlcəzair, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Hindistan silahlı qüvvələrində istifadə edilir. Silahın qiyməti 12 milyon dollardır.
Maraqlıdır ki, bir müddət əvvəl KTMT-nin rəhbəri Serqey Bordyujanın Dağlıq Qarabağda hərbi əməliyyatlar başlayacağı təqdirdə qurumun üzvü olan ölkələrin Ermənistanı müdafiə edəcəyi ilə bağlı verdiyi bəyanatı böyük qalmaqal doğurmuşdu. İndiki halda “Posoboroneksport”-un direktorunun açıqlamaları bir sıra məqamları aydınlaşdırmaq üçün imkan yaradır.
Xaqani Səfəroğlu