Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidməti İrqçiliyə və dözümsüzlüyə qarşı Avropa Komissiyasının (ECRİ) Azərbaycan üzrə hesabatının (dördüncü monitorinq dövrü) “Dini qruplar” bölməsi ilə bağlı açıqlama yayıb.
DQİDK-nin mətbuat xidmətinin açıqlamasında bildirilir ki, sözügedən hesabat insan haqlarının qorunması istiqamətində göstərilən səylərdən biri kimi qiymətləndirilib və bu təşəbbüs müsbət dəyərləndirilib:
“Komissiyanın sonuncu hesabatının “Dini qruplar” bölməsində bir sıra müsbət amillər öz əksini tapıb”.
Açıqlamada bildirilir ki, icmalda yazılanların əksinə olaraq Azərbaycanda din sahəsində heç bir ayrı-seçkiliyə yol verilmir: “Hesabatda iddia olunur ki, guya hökumət arzuolunmaz dini qurumlara qarşı qeydiyyatdan keçmə prosesindən istifadə edir. Halbuki, “Dini etiqad azadlığı haqqında” qanuna edilmiş əlavə və dəyişikliklərdən sonra qeydiyyat qaydaları daha da sadələşdirilib. Qeydiyyat üçün vətəndaşdan qanunla müəyyən edilmiş minimal sayda və toplanması asan olan sənədlər tələb olunur. Dini qurumların qeydiyyatdan keçmə prosesində heç bir süründürməçiliyə yol verilmir. 2009-cu ilin sentyabr ayından müvafiq qanunvericiliyə əsasən, dini qurumların yenidən qeydiyyatı prosesi başlayıb və proses davam edir”.
Açıqlamada qanunvericiliyin tələblərinə uyğun olaraq indiyədək 30 dini qurumun dövlət qeydiyyatına alınmasından imtina edildiyi xatırladılıb və qeyd edilib ki, dövlət qeydiyyatına alınmasından imtina barədə dini quruma imtinaya əsas olmuş qanunvericiliyin müddəaları göstərilməklə məlumat verilir: “Əvvəllər qeydiyyata alınmış, lakin yenidən qeydiyyatdan keçmələrindən imtina edilmiş dini icmalar imtinaya səbəb olmuş nöqsanları aradan qaldıraraq bir daha Dövlət Komitəsinə müraciət edə bilərlər”.
Açıqlamada bildirilir ki, Azərbaycan qanunvericiliyinə görə, dini icmalar təsisçilərin və ya nizamnamə (əsasnamə) ilə buna vəkil edilmiş orqanın istəyi, yaxud Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin müraciəti əsasında məhkəmənin qərarı ilə ləğv edilə bilər:
“İndiyədək bir neçə dini icma təsisçilərinin qərarı ilə ləğv edilib. 2009-cu ilin sentyabr ayından, yəni yenidən qeydiyyat prosesinə başlanılandan sonra heç bir dini icma məhkəmənin qərarı ilə ləğv olunmayıb. Yenidən qeydiyyatla əlaqədar məhkəmə proseslərinin hamısı dini icmaların təşəbbüsü ilə keçirilir. Hesabatda bildirilir ki, yenidən qeydiyyatdan keçə bilməyən dini icmaların hüquqi vəziyyəti qeyri-müəyyəndir. Halbuki, bu məsələdə hər hansı qeyri-müəyyənlikdən söhbət gedə bilməz. Belə ki, qanunvericiliyə uyğun olaraq, yenidən qeydiyyatdan keçə bilməyən dini icmaların əvvəlki şəhadətnamələri qüvvədədir”.
İcmalda qeyd edilmiş digər iradlarla (polisin dini mərasimə müdaxiləsi, dindarların tutulub saxlanılması) əlaqədar isə Dövlət Komitəsi bildirir ki, belə hallar yalnız hüquq pozuntuları aşkar edildikdə baş verir və bunu dini etiqad azadlığının pozulması, yaxud dini ayrı-seçkiliyə yol verilməsi kimi qələmə vermək düzgün deyil.
Açıqlamada qeyd edilib ki, icmalın bəzi hissələrində Azərbaycanda dini durumun obyektiv, real təhlili, konkret faktlar əvəzinə, yalnız ümumi sözlər və qiymətləndirmələr yer alıb: “Bir sözlə, hesabat ölkədəki real vəziyyəti əks etdirmir və səthi xarakter daşıyır”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sənədi hazırlayanlara gələcəkdə bu səpkili hesabatların daha obyektiv və əsaslı tərtib edilməsi üçün hər cür əməkdaşlığa hazır olduğunu bildirir.
Modern.az